"Azər Bağırova uğurlar arzulayıram. Məsuliyyətli işin altına girib. İlk oyununda göründü ki, meydanda tam başa kollektiv var. "Kəpəz"ə qarşı oynamaq rəqiblər üçün heç də yaxşı olmayacaq".
İdman.biz bildirir ki, bu sözləri Misli Premyer Liqasının 7-ci turunda "Kəpəz"lə oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Oyun 1:0 hesabı ilə "Qarabağ"ı xeyrinə qurtarıb.
"Çox vacib qələbə qazandıq. Oyunun keyfiyyəti bir az aşağı idi. Meydança amili hər iki komandaya təsir edirdi. Daha istəkli olmalıydıq. Üç gün əvvəl "Kopenhagen"lə matçda meydanda olan futbolçulardan heç biri əsas heyətdə oynamırdı. Görünür ki, həmin oyunun atmosferi hələ tam getməyib", - baş məşqçi qeyd edib.
"Qarabağ" 13 xalla turnir cədvəlində ikinci yerdədir.