"Qəbələ"nin baş məşqçisi Yeton Bekiri Misli Premyer Liqasının 11-ci turunda səfərdə "Zirə"yə 1:2 hesabı ilə məğlub olduqları qarşılaşmanı dəyərləndirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında komandasının son dəqiqələrdə buraxdığı qoldan narazılığını ifadə edib:
"Oyunun böyük hissəsi bizim üçün yaxşı keçdi. Son 20 dəqiqədə fiziki cəhətdən çətinlik çəkdik. 89-cu dəqiqədə qol buraxmaq istənilən məşqçini pis hiss etdirir. Qolu vuran futbolçunun ətrafında 5 oyunçumuz var idi, amma ona mane ola bilmədilər. Amma futbolda belə hallar olur".
Bekiri hücum xəttindəki problemlərə də toxunub. Baş məşqçi futbolçularının həlledici məqamlarda düzgün qərarlar verə bilməməsi ilə bağlı iradları qəbul edib:
"Hücum xəttində çatışmazlıqlarımızın olduğunu qəbul edirəm. Qol vurmaqda çətinlik çəkirik. Vəziyyəti dəyişmək üçün vaxtımız var".
Mütəxəssis "Qəbələ"nin futbolçusu Eşqin Əhmədovun ilk dəfə Azərbaycan millisinə dəvət almasına da münasibət bildirib. O, oyunçunun bu səviyyəyə yüksəlməsində təkcə özünün deyil, digər məşqçilərin də əməyinin olduğunu qeyd edib:
"Eşqini təbrik edirəm. O, keyfiyyətli futbolçudur və uzun müddətdir bu klubda çıxış edir. Onun bu səviyyəyə çatmasında bir çox məşqçinin əməyi var".