Qətər hökuməti PSJ-nin ev stadionu olan "Parc des Princes"in əsaslı şəkildə yenidən qurulması üçün 2 milyard avroya qədər sərmayə qoymağı nəzərdən keçirir. Sport24.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
"Portes des Princes" adlandırılan bu layihə arenanın tamamilə yenilənməsini və tamaşaçı tutumunun 48 000-dən təxminən 70 000-ə çatdırılmasını nəzərdə tutur.
Stadionun yenilənməsi ilə yanaşı, ərazidə muzey, böyük klub mağazası, yaşayış sahələri və ehtimal ki, bir otelin tikintisi də planlaşdırılır.
Artıq bir neçə aydır ki, klub rəhbərliyi "Parc des Princes"in əldə edilməsi ilə bağlı Paris şəhər hakimiyyəti ilə danışıqlar aparır, lakin tərəflər hələlik razılığa gələ bilməyiblər. Buna görə də klub alternativ variantları, o cümlədən Puassi (Poissy) şəhərinə köçmək ehtimalını nəzərdən keçirir. Orda da klub üçün genişmiqyaslı bir layihə hazırlanmaqdadır.
Əgər "Parc des Princes"in yenidən qurulması layihəsi həyata keçirilərsə, təmir işləri gedən müddətdə Luis Enrikenin komandası ev oyunlarını "Stade de France" stadionunda keçirə bilər.