"Qarabağ"ın "Loryan"ın hücumçusu Sambu Sumanonun transferi ilə bağlı danışıqları deyəsən dalana dirənib.
İdman.biz insayder Rudi Qalettiyə istinadən bildirir ki, Ağdam klubu 24 yaşlı seneqallı forvard uğrunda mübarizədən rəsmən imtina edib. Qalettinin sözlərinə görə, Fransa klubu qiyməti 3,5 milyon avroya endirib, lakin "Qarabağ" daha əvvəlki "2,5 milyon + 0,5 milyon bonus" təklifində israr edərək öz limitini keçməkdən imtina edib.
Bundan əvvəl futbolçunun artıq şərtlərini razılaşdırdığı və Çempionlar Liqasında iştirak edən Ağdam klubuna keçməyə hazır olduğu bildirilsə də, tərəflərin qiymətlərindəki fərqin həddən artıq böyük olduğu üzə çıxıb.
Fransa mətbuatı daha əvvəl "Blekbern"in Sumano ilə maraqlanmasından yazaraq təxminən 6 milyon avro məbləğdən söhbət getdiyini bildirib. Bu da "Qarabağ"la danışıqları çətinləşdirib. Polşanın "Vidzev" klubu da futbolçu ilə maraqlanır, lakin onlar da tələb olunan məbləği ödəməyə hazır deyillər.
İdman.biz