Futbol üzrə Azərbaycan çempionu "Qarabağ" idman jurnalistləri ilə mövsümün yekunlarına həsr olunan görüş keçirib.
İdman.biz xəbər verir ki, tədbir Azərbaycan himninin səsləndirilməsi ilə başlayıb.
Ardınca Azərbaycanın suverenliyi uğrunda canlarını fəda edən şəhidlərin və bir müddət əvvəl vəfat edən klubunun mərhum fəxri prezidenti Abdulbari Gözelin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə "Qarabağ"ın prezidenti Tahir Gözel çıxış edib. O, Azərbaycan xalqını 28 may Müstəqillik Günü münasibətilə təbrik edib. Ardınca jurnalistləri qarşıdan gələn Milli Mətbuatın 150 illiyi münasibətilə təbrik edən Tahir Gözel onlara uğurlar arzulayıb.
2024/25 mövsümünü dəyərləndirən klubun prezidenti başa çatmaqda olan mövsümü uğurlu hesab edib: "Avropada uğurlarını davam etdirən komandamız bu mövsümdə də azarkeşlərini sevindirib. Çempionlar Liqasında pley-offa qədər irəliləyən komanda Avropa Liqasının əsas mərhələsində mübarizə aparıb. Ardıcıl 11-ci dəfə qitəmiqyaslı turnirlərdə əsas mərhələyə yüksəlməklə Qarabağ adını layiqincə təmsil etməyə, ucaltmağa çalışıb. "Qarabağ" həmişə fərqli missiya daşıyıb. Bu ad bizi həm meydanda, həm də meydandan kənarda daha məsuliyyətli olmağa, qatıldığımız bütün yarışlarda layiqincə mübarizə aparmağa vadar edib".
Premyer Liqada ardıcıl 4-cü, ümumilikdə 12-ci çempionluğun qazanılmasından danışan Tahir Gözel komandanı qarşıda Azərbaycan kubokunun final oyununu gözlədiyini vurğulayıb. O, yeni avrokubok mövsümündə də həmişəki kimi komandaya inandığını bildirib.
Tədbirdə iştirak edən Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov çıxış edib. Təcrübəli mütəxəssis mövsümboyu çempionat və kubok görüşlərini işıqlandıran jurnalistlərə təşəkkür edib. O, çempionatda rəqabətdən, qarşıdakı hədəflərdən danışıb.
Tahir Gözel və Qurban Qurbanov jurnalistlərin həm ötən mövsüm, həm qarşıdakı planlar barədə suallarını cavablandırıblar. Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
İdman.biz