"Qarabağ" Çempionlar Liqasındakı potensial rəqiblərinin oyununu izləmək üçün İrlandiyaya məşqçi göndərəcək.
"Report" xəbər verir ki, bu barədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Zirə" ilə keçirilən yoxlama oyunundan sonra jurnalistlərə açıqlamasında bildirib.
Təcrübəli mütəxəssis "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) qarşılaşmasını köməkçi məşqçilərdən birinin stadiondan canlı izləyəcəyini söyləyib.
Qeyd edək ki, Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" - "Linfild" cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.