Yay transfer dönəmində Emin Səfərov "Neftçi"nin "rənglərinə bağladığı" ilk yerli oyunçu oldu. "Qəbələ"ni paytax təmsilçisinə dəyişən gənc futbolçu Sport24.az-a müsahibə verib.
- "Neftçi" ailəsinin üzvü oldun. Təəssüratların maraqlıdı...
- "Neftçi" ölkə futbolunun ən köklü və tarixi ənənəsi olan klubudu. Odur ki, bu aiənin bir üzvü olmaq mənim üçün böyük qürur və şərəfdi.
- Bir ara adın "Qarabağ"la yanaşı hallanırdı. Ancaq sonda "ağ-qara" formanı seçdin. Niyə məhz "Neftçi"?
- Təkliflərim çox idi. Komandaların adlarını bir-bir çəkməyim düzgün çıxmaz. Xeyli götür-qoydan sonra "Neftçi"nin təklifini dəyərləndirdim. Verdiyim qərardan da məmnunam.
- "Ağ-qaralar"la uğur qazanacağına inanırsan?
- Əlbəttə. İnam olmasaydı bu seçimi etməzdim. "Neftçi" böyük azarkeşi olan klubdu. Fanatlar komandalarının çempion olması üçün alışıb yanırlar. Sağ olsunlar, "ağ-qaralar"a keçidimdən sonra azarkeşlər sosial şəbəkələrdə məni təbrik atəşinə tutublar. Onların hər birinə təşəkkür edirəm. Tezliklə oyunumla bu formaya layiq olduğumu göstərəcəm. Bura çempion olmağa gəlmişəm. Bunun üçün əlimdən gələnin ən yaxşısını edəcəm.
- Səncə, yetirməsi olduğu "Qəbələ" elitaya geridönüş edə biləcək?
- Böyük futbolda ilk addımlarımı "Qəbələ"də atmışam. "Qırmızı-qaralar" tarix yazmış klubdu. Onların yenidən elitaya qayıdacaqlarına şübhə etmirəm. Qəbələnin eyni adlı təmsilçisi hər şeyin ən yaxşısına layiqdi. Bu klub yenidən Premyer Liqamıza rəng qatacaq.
ABDULLA İSMAYILOĞLU