Futbol üzrə Misli Premyer Liqasının 11-ci turunda "Kəpəz"i qəbul edəcək "Neftçi"nin heyətində itki var.
Bu barədə "ağ-qaralar"ın mətbuat katibi Asəf Zeynallı İdman.Biz-ə məlumat verib.
O bildirib ki, müdafiəçi Murad Xaçayev məşq zamanı zədələndiyi üçün qarşıdakı matçda meydana çıxa bilməyəcək. Futbolçunun sol topuq oynağında bir neçə bağın gərilməsi qeydə alınıb. Hazırda komandada başqa zədəli və ya cəzalı futbolçu yoxdur.
Qeyd edək ki, "Neftçi" - "Kəpəz" qarşılaşması noyabrın 6-da keçiriləcək. "Palms Sports Arena"da təşkil olunacaq görüş saat 20:00-da başlayacaq.
21 xala malik "Neftçi" turnir cədvəlinə başçılıq edir. 17 xalı olan "Kəpəz" isə beşinci pillədə qərarlaşıb.