Müasir Azərbaycan futbolunda gənclər arasında istedadı, performansı və meydandakı xarakteri ilə seçilən, hətta bəzilərinə görə bir nömrə sayılan futbolçu Elvin Cəfərquliyevdir. Ağdam təmsilçisinin avrokubok matçlarında hakimlərlə davranışı və aldığı qırmızı vərəqlərlə tez-tez müzakirə olunan yarımmüdafiəçi, UEFA Çempionlar Liqasının II turunda "Kopenhagen"lə Bakıda keçirilən qarşılaşmada oyunun ən yaxşı futbolçusu seçildi.
Azərbaycan millisinin və "Qarabağ" klubunun 25 yaşlı oyunçusu zaman-zaman Avropa klublarının da diqqət mərkəzinə düşüb. Hətta yayılan məlumatlara görə, son dövrlərdə Fransanın "Lill" klubu və İtaliya A Seriyasından bir neçə komanda da Elvinlə maraqlanıb.
Futbola ilk addımlarını "İnter" klubunda ("Keşlə", indiki "Şamaxı") atan Elvin Cəfərquliyev barədə onun ilk məşqçiləri Mahir Əliyev və Nadir Nəbiyev "Teleqraf"ın suallarını cavablandırıblar.
"Elvin 8 yaşında gəlmişdi, cəldliyi lap əvvəldən seçilirdi"
– Mahir müəllim, Elvin Cəfərquliyev futbola ilk sizin yanınızda başlayıb. Həmin dönəmi necə xatırlayırsınız?
– Elvinin 8 yaşı olardı, bizim yanımıza gəldi. O zaman "İnter"də yeni işə başlamışdım. Direktor Yaşar Abdullov idi. 2000-ci il təvəllüdlü uşaqlardan ibarət qrup yığılmışdı, amma seçimlərdə iştirak etməmişdim. Elvin balacalıqda digər uşaqlardan çox fərqlənmirdi, amma cəldliyi və sıçrayışları lap əvvəldən diqqətimi çəkmişdi. Onu yarımmüdafiəçi kimi oynadırdım ki, sol ayağı ilə çəkib vura bilsin.

– Xarakteri necə idi?
– Futbolçu kimi futbolçudur, amma xasiyyətcə ideal deyildi. Uşaqlıqda çox sakit idi, amma böyüdükcə kaprizləri artdı. Hansı dildə yola getdiyini yəqin Qurban müəllim yaxşı bilir (gülür). Mən onunla təxminən 5-6 ay işlədim, sonra başqa qrupa keçdim.
– Məşqlərə kim gətirirdi?
– Atası Eldar kişi. Çox gözəl, təmkinli və sakit insan idi. Elvin çox qaçırdı, burnu axırdı, tez tərləyirdi. Həmişə öz dəsmalımı verirdim, axırda atası salfetka gətirdi (gülür - red.).
– Uşaqlıqdan aqressiv idi?
– Meydançada aqressivliyi var idi. Topu ala bilməyəndə dayanmırdı, dönüb davam edirdi. Bu aqressiya futbola olan sevgidən qaynaqlanırdı, uduzmağı sevmirdi. Xaraktercə aqressiv, amma mübarizliyi çox güclü idi.
– Demək, balacalıqdan çılğın olub…
– Düşünürəm ki, bir az "qulağı burulmalıdır", özü də yaxşıca burulmalıdır. Elvin, sən azərbaycanlısan, millətini üstün tut, amma bu, o demək deyil ki, hamıdan əlasan. Məsələn, vaxtilə Aslan Kərimov Ronalduya çiyin atmışdı, bu, düz deyildi. Elvinin də avrokubok oyunlarında yerə tüpürməsi, hakimlə davaları, məşqçini əsəbləşdirməsi düzgün deyil.
– UEFA Çempionlar Liqasının əsas mərhələsində "Atletik"lə oyunda bir epizodda Qurban Qurbanov onun boş qapının qarşısında dayanmasına, sırf ona ötürmə olmadığı üçün topu ötürməməsinə görə çox əsəbləşdi. Hətta bir çoxları Qurban Qurbanovun ilk dəfə idi o cür reaksiyasını görürdü…
– O epizodda səhvi vardı. Planlar başqa olur, Elvinin belə hərəkət etməsi bütün gedişi məhv eləyir. Yəqin ki, mən tanıdığım Qurbandırsa, onu yaxşı cərimələyib. Özü də 5-10 minlə yox, daha çox. Qorxu varsa, bil ki, işlər yaxşıdır. Qorxu olan yerdə sevgi, hörmət də var. Yəqin böyüdükcə qorxu hissi də formalaşıb. Onu bu gün futbolçu edən Qurban Qurbanovdur. Hörmət hissi olmalıdır. Bilirsiniz, Elvini tənqid etmək asandır, amma psixoloji yükünü də anlamaq lazımdır. Tənqidi qəbul edirsə, deməli, həm qorxusu, həm hörməti, həm də sevgisi var. Bu, onun işinə və məşqçisinə hörmətdən irəli gəlir. Elvinin bu gün xaricə transferi ən azı milyon manat dəyərində olar. Nə qədər qəribə hərəkətləri olsa da, belə futbolçular Azərbaycan üçün şərəfdir.

– İlk məşqçisi kimi sizinlə əlaqə saxlayırmı?
– Yox, qətiyyən. Bəlkə də yadına düşmür ki, belə bir müəllimi olub. Adətən futbolçunu birinci biz kəşf edirik, sonra lazım olmuruq.
– Bəzi futbolçular sonradan təşəkkür məqsədilə hədiyyə edirlər…
– Bəli, var. Rəşad Sadıqov, Rza Cəfərov, Mahir Şükürov, Qara Qarayev kimi futbolçular məşqçilərinə hədiyyə edib. Belə futbolçularla qürur duyuram, çünki azərbaycanlıdırlar. "Qarabağ"ın oyununa baxanda deyirik: "Bu uşaq mənim yanımda futbola başlayıb."
"Onda potensial lap uşaq yaşlarından görünürdü"
– Nadir müəllim, siz onunla nə vaxtdan işləməyə başladınız?
– "İnter"də futbolçular mərhələli şəkildə bir məşqçidən digərinə keçirdilər. Elvin 12 yaşdan 16 yaşına kimi mənim qrupumda idi. Onu həm hücumda, həm yarımmüdafiədə, həm də müdafiənin sağ və sol cinahında oynatmışam.

– Sizi onun potensialına inandıran nə idi?
– 13-14 yaşlarında həm sürət, həm texnika baxımından yoldaşlarından seçilirdi. Bir az çılğın idi, amma bu, istedaddan doğurdu. Mən bəzi şeylərə göz yumurdum, çünki bilirdim ki, yaxşı futbolçu olacaq.
– Bəzi futbolçular ilk vaxtlarda maddi çətinliklərlə üzləşir. Bu, Elvində də olub?
– Yox. Hər şey qaydasında idi. Butsu, geyimi, hər şey normal olub. Atası məşqlərə gəlirdi, hətta xarici turnirlərə də bizimlə gedirdi.
– Elvin özü haralıdır?
– Bildiyim qədərilə qəbələlidir. Ona görə də "Qəbələ"yə keçdi.
– "İnter"dən "Qəbələ"yə transferi necə oldu?
– O vaxt "İnter"də vəziyyət pisləşmişdi, təxminən 2015–2016-cı illər idi. Legionerlərə borclar olduğuna görə sanksiyalar tətbiq edilmişdi. Komanda maaşları verməkdə çətinlik çəkirdi. "Qəbələ"nin U-17 komandası Elvini istədi. Məsələni akademiyanın direktoru Valentin Xodukinlə danışdım. O, Ukraynaya gedirdi, dedi qayıdandan sonra baxarıq. "Qəbələ" çox israr etdi, mən də öz qərarımla Elvini göndərdim. Şərait yaxşı idi, inkişaf üçün faydalı ola bilərdi. Qayıdandan sonra məni danladı. Hətta klubun o zamankı prezidenti Georgi Nikolov məni işdən çıxarmaq istədi. Dedim ki, vəziyyətə görə bu addımı atmışam.
– Sonradan yenidən "İnter"ə qayıtdı və peşəkar futbola başlaması da sizin yanınızda baş tutdu. Həmin vaxt nə baş vermişdi?
– O zaman "İnter"də U-17-lərin baş məşqçisi, eyni zamanda əvəzedici komandada Ramiz Məmmədovun köməkçisi idim. Atası gəlib dedi ki, "Elvin oradan çıxıb, komandaya götürə bilərsiniz?" Danışdıq, götürdük. Çünki potensialına inanırdıq. O zaman vəziyyət yaxşı olmadığından yeni futbolçu götürə bilmirdik. Baş məşqçiyə Elvinin potensialından danışdım. Bəxtimiz gətirdi ki, həm "İnter"in yetirməsi idi, həm də komandada oyunçu çatışmazlığı vardı. Götürdük, oynadı, özünü göstərdi. Sonra Ramiz Məmmədovu "İnter"in əsas komandasına müvəqqəti baş məşqçi götürdülər. Oyunların birində Elvinin heç 18 yaşı yox idi, debüt etdi.
– Elvinin "Qarabağ"a transferi necə oldu?
– Rəşad Sadıqov o dövrdə həm "Qarabağ"da oynayır, həm də əvəzedicilərə nəzarət edirdi. Bir dəfə "Qarabağ"a qarşı oyunumuzda Elvin çox yaxşı çıxış etdi, diqqəti cəlb etdi. Beləcə, onu və Rəfael Məhərrəmlini "Qarabağ"a dəvət etdilər. Atası ilə söhbət etdik, razılaşdıq. "Qarabağ"a keçid onun karyerasında dönüş nöqtəsi oldu.
– "Qarabağ"a getməzdən öncə Elvin Cəfərquliyev daha emosional olub, yoxsa indi?
– Qurban müəllim bir balaca onu düzəltdi. Çılğın idi, intizamsızlığı olurdu. Kimləsə dava edirdi, kənara çəkib izah edirdim ki, bunu düz eləmədin, daha yaxşı olar ki, gələn dəfə belə etməyəsən. Amma ümumi komandanın içində böyük cəzalar vermirdim ki, inciməsin. Həm də elə xarakterim yoxdur. Məşqçi gərək hər şeyi həddən artıq sərt etməsin. Elə şey var ki, göz yummalısan. Bütün futbolçuların xarakterinə bələd olduğum üçün bilirdim ki, Elvindən bunu gözləmək olar. Səhvlərini başa salanda çalışırdı, düzəltsin, amma xarakter məsələsidir. Atası ilə Gürcüstanda turnirdə olmuşam. Çox sakit, təmkinli, yaxşı insan idi. Əmisi də futbolçu idi. İstənilən futbolçunu sındırmaq olar, şəxsi prinsipinə görə belə etmək olmaz. Elə etməliyik, futboldan soyumasın. Cavandır, səhvi olub, görməzlikdən gəlmək lazımdır.
– Cəfərquliyev bu mövsüm avrokuboklarda ümidləri doğruldur. Hətta "Kopenhagen"lə oyunda oyunun ən yaxşısı seçildi.
– "Benfika" ilə oyunda da ən yaxşılardan biri idi. Hətta o oyunda daha yaxşı çıxış etmişdi. Ancaq mütəxəssislər daha yaxşı bilir. "Atletik"lə oyunda isə mənə görə ən zəiflərdən biri idi.
– Bu cür performansı ilə davam etsə, ilin ən yaxşı futbolçusu Elvin Cəfərquliyev ola bilər?
– Mən səs verərəm. Mənə görə ən yaxşı futbolçu hazırda odur. Nəriman da çox istedadlıdır, görəcəksiniz, gələcəkdə top klublarda oynayacaq.
– Yeri gəlmişkən, Elvinə A Seriyasından da təkliflərin olduğu deyilirdi. Sizcə, orada karyerası uğurlu alına bilər?
– Bəli, amma xaricə gedib uyğunlaşmaq hər futbolçu üçün asan deyil. Bəziləri gedir, amma alınmır. Məsələn, Mahir Emreli nümunəsi var. Elvin də gedib parlayar, amma bir aydan sonra qayıda da bilər. Bizim futbolçular evə, ailəyə çox bağlıdırlar. Avropada uğur qazanmaq üçün adaptasiya vacibdir. Bizdə elə mentalitet yoxdur ki, "mən gedib yaxşı çıxış edim, başqası da mənə görə çağırılsın". Görmüşük ki, neçə futbolçu gedib özünü doğrultmur. Mahir Emreli indi "Qarabağ"da olsaydı, bəlkə ondan da yaxşı olardı.
– "Qarabağ"dan ayrılan futbolçular çox vaxt başqa yerdə uğurlu ola bilmir və yenidən qayıdır. Sizcə, bunun səbəbi nədir?
– Bəzən futbolçular məşqçilərə uyğunlaşa bilmir. Hər bir futbolçunun öz komandası var. Bəlkə də "Neftçi"də gedib uğurlu olar. Amma gördüyümüz fakt odur ki, "Qarabağ"dan gedən futbolçu başqa klubda oynaya bilmir. Məsələn, Ramil Şeydayev, Qara Qarayev... Hər futbolçu hər məşqçiyə uyğunlaşa bilmir. Burada da Qurban Qurbanovun sistemi, təcrübəsi və yanaşma tərzi mühüm rol oynayır.
– Sizcə, Elvin top liqalarda oynaya bilərmi?
– Top-5 komandalarında yox, amma Avropanın orta səviyyəli klublarında rahat oynaya bilər. Fiziki və texniki cəhətdən hazırdır. Müdafiədə etibarlıdır, hücuma fəal qoşulur, vaxtında qayıdır. Bir az da nizam-intizama uyğunlaşsa, böyük futbolda uğur qazanmaq potensialı var.
