"Qalib gələndə yaxşı olanı fərqləndirmirlər. Ümumiyyətlə, oyundan sonra olan tənqidlər də ağır idi".
Bu sözləri AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.
Onun sözlərinə görə, "Qarabağ" qol fürsətlərindən yararlana bilsəydi, ssenari başqa cür olardı:
"Hər matçda yaxşı qol imkanları olur. Səhvlərin olacağı məlum idi. "Ayaks" bəsit qollar vurdu. "Qarabağ" yerli çempionatda çox səhvlər etmir. Lakin Çempionlar Liqası fərqli turnirdir. Ağdam klubu birinci hissədə keyfiyyətli oynadı. Əgər hesab 1:0 olanda ikinci qolu vursaydıq, meydandan qələbə ilə ayrıla bilərdik. Əsasən də ilk yarıda rəqibi sıxışdırmağı bacarmışdıq. Hər oyunu qələbə ilə başa vurmaq olmur. Qurban Qurbanov qol epizodları üzərində işləməlidir", - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.
A.Mircavadov ikinci hissədə meydana daxil olan Nəriman Axundzadənin də çıxışına toxunub: "Ona dəstək olmaq lazımdır. Mən anlamıram ki, ondan nə istəyirlər. Gənc oyunçudur və inkişaf etmək istəyir. Digər klublarımızda yerli hücumçular yoxdur. Qurban Qurbanov irəli xətdə başqa futbolçunu da meydana buraxa bilər. Lakin Nərimana şans verir. Oyunçular sonradan oyuna daxil olanda çətinlik çəkirlər. Onu tərifləmək lazım deyil. Sadəcə, ürək-dirək vermək lazımdır".
O, Ağdam təmsilçisinin növbəti mərhələyə çıxmaq şansının olduğunu söyləyib: "Kim deyərdi ki, "Qarabağ" səfərdə "Benfika"nı udacaq? Hər şey ola bilər. Komandamız ildən-ilə inkişaf edir. Onlar bu mövsüm daha yaxşı formadadılar".
Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov "Ayaks"ın sıradan komanda olmadığını bildirib:
"Futbolda bu cür nəticələr olur. Qalib gələcəyimiz oyun idi. Təəssüf ki, müdafiədə də səhvlər etdik. Artıq "Qarabağ" özü də böyük komandadır. Amsterdam klubunun oynadığı çempionat ilə bizim liqamız arasında böyük fərq var. Mən bu məğlubiyyətə normal baxıram. Tənqid olmalıdır, lakin insan bəzi tənqidlərlə barışa bilmir".
Mütəxəssis Nəriman Axundzadə haqqında da danışıb: "Nəriman "Braqa" ilə matçda meydana çıxıb oyunun taleyini həll etdi. İndi zəif oynayanda onu tənqid edirik. Futbolda bu cür hallar olur. Qol vursaydı, hər kəs Nərimanı alqışlayacaq və ondan yaxşı futbolçunun olmadığını deyəcəkdi".
Qeyd edək ki, görüş "Ayaks"ın 4:2 hesabı qələbəsi ilə yekunlaşıb.