"Real Madrid"in baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasında AEK-lə qarşılaşma ərəfəsində komandasının Yunanıstandakı uğursuz statistikasına diqqət çəkib. Portuqaliyalı mütəxəssis Madrid təmsilçisinin bu ölkədə keçirdiyi səkkiz avrokubok matçından yalnız birində qalib gəldiyini xatırladıb.
İdman.Biz xəbər verir ki, Mourinyo Afinada keçirilən oyunöncəsi mətbuat konfransında rəqibin doğma meydanda təhlükəli olduğunu vurğulayıb.
"Onlar ölkə çempionudurlar. Yunanıstanda oynamaq həmişə çətindir. Avropa futbolunun kralı olan "Real Madrid" belə, burada keçirdiyi səkkiz oyundan yalnız birində qalib gəlib. Mən də illər əvvəl burada iki dəfə oynamışam və belə atmosferdə mübarizə aparmağın nə qədər çətin olduğunu bilirəm", - deyə baş məşqçi bildirib.
Mourinyo AEK-in sıx oyun qrafikinə baxmayaraq, doğma meydanda xal qazanmaq üçün bütün imkanlarından istifadə etməyə çalışacağını düşündüyünü deyib:
"Onların Çempionlar Liqasında çox çətin təqvimi var. Əminəm ki, ev oyunlarını xal toplamaq üçün ən yaxşı fürsət hesab edirlər. Üstəlik, hər bir rəqib qarşısında "Real Madrid"in ağ formasını görəndə əlavə motivasiya qazanır. Biz bu matçda ən yaxşı oyunumuzu göstərməliyik. Əks halda, qalib gələ bilməyəcəyik".
Qeyd edək ki, AEK - "Real Madrid" qarşılaşması bu gün Afinada keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.