Azərbaycan Birinci Liqasında "Şahdağ Qusar"la oyuna çıxmayan "Mingəçevir"in futbolçusu Həsrət Mürsəlov komandada yaranmış maliyyə problemlərindən danışıb.
İdman.Biz-ə açıqlamasında futbolçu bildirib ki, komanda iyul ayında formalaşdırılandan bəri oyunçular maaş ala bilmirlər.
"Komanda iyulda yığılandan indiyə kimi maaş almırıq. Klub prezidentini nə vaxt görürüksə, bizə deyir ki, maaşlar yaxında veriləcək. Hətta elə vaxt olub ki, stadiona nəzarət edən şəxs bizi məşq etməyə buraxmaq istəməyib. Səbəb kimi komandanın onlara borcunun olduğunu göstərib".
H.Mürsəlov futbolçuların düşdükləri vəziyyətdən narazı olduqlarını gizlətməyib:
"Burada futbolçularlıq heç nə yoxdur. Biz nə qədər acqarına, pulsuz-parasız, fikirli beyinlə oyuna çıxaq? Biz də insanıq. İnşallah, bu olanlardan sonra nəsə hərəkət edib vəziyyəti düzəldərlər".
Qeyd edək ki, "Mingəçevir" bu gün Azərbaycan Birinci Liqasının yeddinci turunda "Şahdağ Qusar"la qarşılaşmaya çıxmayıb. Görüşün keçirilməməsi ilə bağlı yekun qərarı AFFA İntizam Komitəsi verəcək.