PSJ və Rusiya millisinin qapıçısı Matvey Safonovun Moskvaya səfəri zamanı baqajı itib.
İdman.Biz xəbər verir ki, 27 yaşlı qolkiper bu barədə şəxsi "Telegram" kanalında paylaşdığı videoda danışıb.
Safonov bildirib ki, səhər saat 04:00-da Moskvaya çatıb, lakin baqajlarından biri hava limanında itib. Onun sözlərinə görə, yaxşı ki, itən çamadanda futbol butsları olmayıb və məşq etmək üçün lazım olan digər ləvazimatlar əlində qalıb.
Qapıçı baqajın yalnız sənədlərdə adı göstərilən şəxsə təhvil verilə biləcəyini, alternativ olaraq isə iki gün ərzində çatdırılma xidmətinin təklif olunduğunu bildirib. Lakin bu variant da onun üçün əlverişli deyil. Belə ki, Safonov noyabrın 12-də Özbəkistana yola düşəcək, həyat yoldaşı isə Krasnodara gedəcək.
Qeyd edək ki, Rusiya millisi noyabrın 12-də Daşkənddə Özbəkistanla, ayın 17-də isə Krasnodarda Venesuela ilə yoldaşlıq görüşü keçirəcək.