Şotlandiya millisinin və "Napoli"nin yarımmüdafiəçisi Skott Maktominey 2026-cı il dünya çempionatında ilk oyununa iki gün qalmış ürək ritmindəki pozuntuya görə tibbi müdaxiləyə ehtiyac duyduğunu bildirib.
İdman.Biz xəbər verir ki, 29 yaşlı futbolçu bu barədə millinin Şimali Makedoniya və İsveçrə ilə Millətlər Liqası oyunları öncəsi keçirilən mətbuat konfransında danışıb.
Maktominey Haiti ilə qarşılaşmadan əvvəl yaşadıqlarını belə təsvir edib:
"Ürəyimə elektrik impulsu verilməli oldu. Haiti ilə oyuna iki gün qalırdı. Yaxşı hazırlaşırsan, əla fiziki formada olursan və qəfil belə bir hadisə baş verir. Özündən soruşursan: "Niyə məhz mənim başıma gəlir?" Amma yoluna davam etməlisən. Futbol belədir, bəzən hər şey gözlədiyin kimi getmir.
100 faiz hazır idim. Lakin dünya çempionatındakı ilk oyununa iki gün qalmış xəstəxana çarpayısında uzanıb prosedur üçün narkoz verilməsini gözləmək heç də xoş ssenari deyil".
Tibbi müdaxilədən sonra həkimlər yarımmüdafiəçinin meydana çıxmasına icazə veriblər. O, Şotlandiyanın 1:0 hesabı ilə qalib gəldiyi Haiti ilə görüşdə, eləcə də Mərakeş və Braziliyaya qarşı qarşılaşmalarda 90 dəqiqə oynayıb.
Sentyabrda Mançesterdə ürək ritmindəki pozuntunun aradan qaldırılması üçün ablyasiya proseduru da keçirən futbolçu hazırda özünü yaxşı hiss etdiyini söyləyib:
"Ürəklə bağlı xəbərləri görən ailə üzvlərim və dostlarım üçün vəziyyət olduğundan daha ciddi görünə bilər. Əslində, bu, kifayət qədər sadə prosedurdur və Mançesterdə çox uğurla keçdi. İndi özümü əvvəlkindən xeyli yaxşı hiss edirəm. Düşünürəm ki, bu müdaxilə lazım idi. Karyerada bəzən insanı hazırlıqsız yaxalayan hadisələr baş verir".
Qeyd edək ki, Maktominey oktyabrın 10-da "Napoli"nin heyətində meydana qayıdıb.