"İki aylıq fasilədən sonra yenidən meydana qayıtmaq inanılmaz bir hiss idi. Təəssüf ki, bu, uzun çəkmədi. Zədə səbəbindən oyunu yarımçıq tərk etməli oldum və bu, təbii ki, çox ağrılı idi". Sport24.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Mahir Emreli şəxsi "Instagram" hesabındakı paylaşımında qeyd edib.
Millimizin də formasını geyinən futbolçu "Kayzerslautern"in heyətində Almaniya 2-ci Bundesliqasının 12-ci turunda "Herta" ilə matçın (0:1) 63-cü dəqiqədə meydana çıxsa da, 77-ci dəqiqədə zədə səbəbindən əvəzlənib.
Emreli paylaşımında göz yaşarına da aydınlıq gətirib:
"Son həftələr mənim üçün heç də asan keçməyib. Əvvəlcə az oyun təcrübəsi, sonra xəstəlik, bir həftə əvvəl isə böyük qardaşımı (dayıoğlumu) çox ağır və faciəli şəkildə itirdim. Bu oyun mənim üçün onunla vidalaşma anı olmalı idi. Təəssüf ki, hər şey başqa cür alındı. Bəlkə də buna görə göz yaşlarımı saxlaya bilmədim. Elə bil içimdə hər şey yığılmışdı.
Həkim müayinəsindən sonra nə qədər müddət oynaya bilməyəcəyimi dəqiq biləcəyəm. Bütün bunlara baxmayaraq, nikbinliyimi qoruyuram və tezliklə yenidən meydanda olacağıma ümid edirəm. Nə inamımı, nə də motivasiyamı itirirəm".
Qeyd edək ki, Mahir zədə səbəbindən millinin DÇ-2026-nın seçmə mərhələsində İslandiya (13 noyabr) və Fransa (16 noyabr) ilə oyunlarda meydana çıxmayacaq.