Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Kayzerslautern"dən ayrılmaq barədə düşünür. Spor24.az bu barədə 28 yaşlı hücumçuya yaxın olan mənbədən məlumat əldə edib.
Forvard artıq yeni komanda axtarışındadır. Emreli son matçlarda heyətə düşə bilmədiyi üçün fikrini qətiləşdirib.
O, təklif olmayacağı təqdirdə belə qış transfer dönəmində müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv etməyi də nəzərdən keçirir.
Daha əvvəl II Bundesliqa təmsilçisinin baş məşqçisi Torsten Liberknext Mahir Emrelinin istənilən formada olmadığını bildirib. Hətta Emreli sabiq komandası "Nürnberq"lə görüşdən əvvəl məşqlərə də qatılmayıb və səhhətində problem olduğunu əsas gətirib. Lakin oyunçunun vəziyyəti yaxşıdır və o, kluba bir mesaj ünvanlamaq üçün bu addımı atıb.
Qeyd edək ki, Azərbaycanlı forvard yayda "Nürnberq"dən "Kayzerslautern"ə keçib. O, Polşanın "Legiya", Xorvatiyanın "Dinamo", Türkiyənin "Konyaspor" klublarında da legioner həyatı yaşayıb.