Azərbaycan millisinə dəvət alsa da, zədə səbəbindən toplanışa qoşula bilməyən "Sampdoriya"nın hücumçusu Lorenzo Mezzoteronun səhhəti ilə bağlı yeni detallar açıqlanıb.
İdman.Biz İtaliya mediasına istinadən xəbər verir ki, futbolçu "Karrareze" ilə qarşılaşmada topuğundan zərbə alıb. Məlumata görə, zədənin sadə əzilmədən daha ciddi ola biləcəyi ehtimalı yüksəkdir.
Hücumçunun topuğunda burxulma ehtimalı nəzərdən keçirilir. Lakin dəqiq diaqnoz üçün tibbi heyətin qiymətləndirməsi gözlənilir. Futbolçunun vəziyyətinin bu gün, komandanın məşqləri bərpa etməsi zamanı yoxlanılması nəzərdə tutulub.
Məlumata görə, "Sampdoriya" Mezzoteronun milliyə qoşula bilməyəcəyini AFFA-ya elektron məktubla bildirib. Bununla belə, tibbi müayinələrin nəticələri federasiyaya təqdim edilməyib.
Hazırda zədənin ağırlığı və futbolçunun meydana qayıdacağı vaxt müəyyənləşməyib.