"Sabah" APOEL və "Braqa"dan daha az tanınır. Bu səhər futbolçulara dedim ki, əgər əvvəlki rəqiblərə qarşı olduğu kimi eyni məsuliyyətlə yanaşmasaq, bu, bizim tərəfimizdən çox böyük səhv olar. Rəqib bizim hörmətimizə layiqdir".
İdman.biz xəbər verir ki, bunu "Levski"nin baş məşqçisi Xulio Velaskes UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsinin "Sabah"la ilk oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib.
İspan mütəxəssis təmsilçimizi təhlil etdiklərini bildirib: "Onları təhlil etmək üçün kifayət qədər vaxt və enerji sərf etmişik. Ötən mövsümdəki bir çox futbolçusu bu mövsüm komandada çıxış etməyə davam edir. Onların istedadlı və yaxşı oyunçuları var. Əgər rəqibə topla oynamağa və meydanın son hissəsinə çatmağa icazə versəniz, onlar son dərəcə təhlükəlidirlər. Mən "Sabah"da fərdi oyunçuları yox, komandanı fərqləndirərdim. Meydanın son hissəsində topa sahib olmalarına icazə versəniz, sizə problem yaradacaqlar. Oyunçularıma, öz keyfiyyətlərimizə çox inanıram. Komandanın oyuna kökləndiyini və onların nə etməli olduqlarını aydın şəkildə dərk etdiyinə inanıram".
Qeyd edək ki, "Levski" - "Sabah" matçı sabah saat 22:00-da start götürəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.