Azərbaycan futbolunda ilk dəfə Lənkəranda 12 yaşadək qızlardan ibarət komandalar arasında AFFA U-12 Qızlar Liqasına start verilib.
İdman.Biz AFFA-ya istinadən xəbər verir ki, Lənkəran Olimpiya İdman Kompleksində yarışın açılış mərasimi təşkil olunub.
Tədbirdə AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Zümrüd Ağayeva, texniki direktor Emrah Aykurt, 15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rövşən Qasımov, həmçinin qadınlardan ibarət Azərbaycan millisinin futbolçuları Ayşən Əhmədova və Kamilla Məmmədova iştirak ediblər.
Yarışda səkkiz komanda mübarizə aparacaq. İştirakçı komandaların əksəriyyəti AFFA-nın təşkil etdiyi "FIFA Campaign Festival" və "UEFA Məktəbli Qızlar Turniri"ndə çıxış edən futbolçulardan formalaşdırılıb.
Liqanın əsas məqsədi Lənkəran və ətraf bölgələrdə qızlar arasında futbolun inkişafını dəstəkləmək, bu idman növünə marağı artırmaq və yeni istedadların üzə çıxarılmasına şərait yaratmaqdır.