Futbol üzrə İtaliya futbol çempionatında 11-ci tura start verilib. Noyabrın 8-də başa çatacaq turun oyunları milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən əvvəl sonuncu olacaq.
İdman.Biz xəbər verir ki, "Latsio" mümkün 30 xaldan 28-ni toplayaraq turnir cədvəlində vahid liderliyini qoruyur. Paytaxt təmsilçisini 25 xalla "İnter", 24 xalla "Roma" və 23 xalla mövsümün sürpriz komandası "Komo" izləyir. İlk beşliyi 21 xala malik "Milan" tamamlayır. İtaliya futbolunun ənənəvi nəhənglərindən "Yuventus" (17 xal) və "Napoli" (14 xal) isə hələlik ilk altılıqdan kənarda qalıblar.
Turnir cədvəlinin aşağı hissəsində də gərgin mübarizə gedir. Gözlənilmədən aşağı pillələrdə qərarlaşan "Fiorentina" səkkiz xalla 16-cıdır. "Monza", "Venesia" və "Udineze"nin vəziyyəti isə daha ağırdır. Sağ qalmaq uğrunda mübarizə aparan komandaların qarşılaşmasında "Venesia" artıq "Udineze"ni 2:1 hesabı ilə məğlub edərək sonuncu pillədən xilas olub və rəqibini turnir cədvəlinin dibinə göndərib.
"Napoli" – "Latsio"
Turun mərkəzi qarşılaşmalarından biri Neapolda keçiriləcək. Yerli komanda çempionatın liderinin təsirli qələbə seriyasını dayandırmağa çalışacaq. Cennaro Qattuzonun rəhbərlik etdiyi "Latsio" 10 oyunun doqquzunda qalib gəlib. Komandanın yeganə xal itkisi "Milan"la 2:2 hesablı heç-heçə olub. Paytaxt təmsilçisi ötən turda da xarakter nümayiş etdirərək "Kalyari"ni 2:1 hesabı ilə məğlub edib. Andrea Pinamontinin 83-cü dəqiqədə vurduğu qol komandaya üç xal qazandırıb.
"Napoli"də isə vəziyyət tam fərqlidir. Massimiliano Alleqrinin komandası cəmi 14 xalla səkkizinci pillədə qərarlaşıb və liderdən 14 xal geri qalır. Neapollular əvvəlki turda "Yuventus"a 0:2 hesabı ilə uduzub, daha sonra Çempionlar Liqasında "Portu"ya 1:4 hesabı ilə məğlub olublar.
Kadr problemləri də komandanın işini çətinləşdirir. Covanni Di Lorenso, Stanislav Lobotka, Alessandro Buoncorno və bir sıra digər futbolçular zədəlidir. Luka Marianuççi isə diskvalifikasiyaya görə meydana çıxa bilməyəcək.
"Latsio" da itkilərdən sığortalanmayıb. Komandanın kapitanı Mattia Dzakkaninin bud nahiyəsindən aldığı zədə səbəbindən oynamayacağı gözlənilir. Nunu Tavareşin meydana çıxıb-çıxmayacağı da hələ dəqiq deyil.
Qarşılaşmaya əlavə maraq baş məşqçilərin dueli ilə bağlıdır. Qattuzo vaxtilə "Milan"da Alleqrinin rəhbərliyi altında çıxış edib. İndi isə sabiq məşqçisi ilə rəqib kimi üz-üzə gələcək. Onların əvvəlki beş məşqçi duelinin hamısında Alleqrinin komandası qalib gəlib.
Mövcud forma nəzərə alınarsa, "Latsio" cüzi favorit sayılır. Bununla belə, doğma meydan amili və azarkeşlər qarşısında özünü doğrultmaq istəyi "Napoli"ni təhlükəli rəqibə çevirir. Bu görüş paytaxt təmsilçisinin çempionluq iddiaları üçün ciddi sınaq olacaq.
"İnter" – "Komo"
Turun digər prinsipial qarşılaşması Milanda keçiriləcək. Çempionatın ikinci pilləsindəki "İnter" mövsümün əsas sürprizlərindən birini – "Komo"nu qəbul edəcək. Komandalar arasında cəmi iki xal fərq var. Qonaqlar qələbə qazanacaqları halda, Skudetto uğrunda əsas namizədlərdən birini geridə qoya bilərlər.
Ses Fabreqasın komandası bu görüşə yüksək əhval-ruhiyyədə hazırlaşır. Noyabrın 4-də "Komo" Çempionlar Liqasında Fransada "Lans"ı 9:1 hesabı ilə darmadağın edib. Anastassios Duvikas het-trik müəllifi olub. Bu nəticə Avropa futbolunda mövsümün ən böyük sürprizlərindən birinə çevrilib. İtaliya klubu Çempionlar Liqasında bir oyunda top fərqinə görə rekord göstəricini təkrarlayıb.
"Komо" ölkə çempionatında da uğurlu çıxış edir. Komanda son dörd matçının hamısında qalib gəlib. Ötən turda "Venesia"ya 1:0 hesabı ilə qalib gələn Fabreqasın yetirmələri 10 oyundan sonra 23 xal toplayıblar. Onların qapısından cəmi səkkiz top buraxılıb ki, bu da A Seriyasında ən yaxşı göstəricidir.
"İnter" isə Milan derbisində "Milan"a 1:3 hesabı ilə uduzaraq ağır zərbə alıb. Bununla belə, Kristian Kivunun komandası Çempionlar Liqasında Niderlandda "Feyenoord"u 3:0 hesabı ilə məğlub edərək özünə gəlib. Lautaro Martinesin zədəsi isə meydan sahiblərinin hücum xəttində seçim imkanlarını məhdudlaşdırır.
Bu qarşılaşmada "İnter"in hücum futbolu ilə "Komo"nun kombinasiyalı oyun üslubunun mübarizəsini izləmək maraqlı olacaq. Milan təmsilçisi çempionatın 10 turunda 26 qol vurub və cari mövsümdə doğma meydanda keçirdiyi beş oyunun hamısında qalib gəlib.
Təcrübə və "San-Siro" amili "İnter"i cüzi favorit edir. Lakin qonaqların hazırkı forması və Avropadakı inanılmaz məhsuldarlığı növbəti sürprizi də istisna etmir.
"Fiorentina" – "Yuventus"
Tur İtaliya futbolunun ən prinsipial rəqabətlərindən biri ilə yekunlaşacaq. Bununla belə, komandalar bu dəfə azarkeşlərin alışmadığı vəziyyətdə qarşılaşacaqlar. "Yuventus" yeddinci, "Fiorentina" isə düşmə zonasından cəmi bir xal aralıda – 16-cı pillədədir.
Florensiya təmsilçisi üçün mövsümün başlanğıcı uğursuz alınıb. Paolo Vanolinin komandası 10 oyunda cəmi iki qələbə qazanıb, altı dəfə məğlub olub. "Bənövşəyilər"in müdafiəsi də liqanın ən zəiflərindən biridir. Komanda indiyədək 23 qol buraxıb.
Bununla belə, "Fiorentina" ötən turda böhrandan çıxmağa başladığına dair əlamətlər göstərib. Komanda səfərdə "Sassuolo"nu 4:2 hesabı ilə məğlub edib. Maraqlıdır ki, florensiyalılar görüşün gedişində iki dəfə hesabda geri düşüblər. Bu qələbə prinsipial rəqiblə qarşılaşma öncəsi komandaya əlavə inam verə bilər.
"Yuventus" da hələ sabit oyun nümayiş etdirə bilmir. Turin təmsilçisi 17 xal toplayıb və lider "Latsio"dan 11 xal geri qalır. Bununla belə, son nəticələr azarkeşlərə ümid verir. Luçano Spallettinin komandası əvvəlcə "Napoli"ni 2:0 hesabı ilə məğlub edib, daha sonra Avropa Liqasında Niderlandda AZ-ni 2:1 hesabı ilə üstələyib.
Qonaqların heyətində də ciddi problemlər var. Kenan Yıldız, Kefren Tyuram və Manuel Lokatelli komandaya kömək edə bilməyəcəklər. Ueston Makkenninin meydana çıxması isə sual altındadır.
Maraqlı məqam odur ki, "Fiorentina" aprelin 13-dən bəri A Seriyasında doğma meydanda qələbə qazana bilmir. Həmin vaxtdan bəri çempionatda keçirdiyi səkkiz ev oyununun beşində heç-heçə edib, üçündə isə məğlub olub.
Bununla belə, "Yuventus"la qarşılaşma florensiyalılar üçün həmişə xüsusi əhəmiyyət daşıyır. İki klub arasındakı barışmaz rəqabətin kökləri 1982-ci ilə gedib çıxır. Həmin vaxt mübahisəli hakim qərarlarının fonunda Turin klubu çempionluq mübarizəsində "Fiorentina"nı qabaqlayıb. 1990-cı ildə isə Florensiya azarkeşlərinin sevimlisi Roberto Baccionun "Yuventus"a keçməsi münasibətləri daha da gərginləşdirib və şəhərdə kütləvi etirazlara səbəb olub. Sonrakı illərdə Federiko Kyeza və Duşan Vlahoviçin də Turin klubuna transfer olunması rəqabəti daha da alovlandırıb.
Bu səbəbdən qarşılaşmanın xüsusi atmosferi və tarixi rəqib üzərində qələbə arzusu meydan sahibləri üçün əlavə motivasiya ola bilər.
Heyət itkilərinə baxmayaraq, "Yuventus" favorit görünür. Lakin "Fiorentina" üçün bu oyun xüsusi əhəmiyyət daşıyır. Prinsipial rəqib üzərində qələbə uğursuz keçən mövsümün dönüş nöqtəsinə çevrilə bilər.