"Sabah" Azərbaycan Premyer Liqasının 2-ci turunda doğma meydanda "Zirə"yə 0:2 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Rəqibi təbrik etmək istəyirəm. Onlar bu gün qalibiyyətə layiq idilər. Oyunçularıma da nəsə deyə bilmərəm. Onların bu gün yanaşması çox yaxşı idi. Ancaq əfsuslar olsun ki, bundan heç nə əldə edə bilmədik. "Zirə" çətin komandadır. Bunu uşaqlara demişdim. Keçən ilki matça bənzədi. Oyuna nəzarət bizdə idi. Sadəcə penalti hər şeyi dəyişdi və biz uduzduq. İşlər pis gedəndə pis xəbərlər çıxarmaq istəyirlər. Ötən mövsümü biz üçüncü yerdə bitirərkən heç kim demirdi ki, mükəmməl oynadılar. Əsasən də jurnalistlər. Demək olar ki, keçənilki və indiki oyunçular eynidir. Uduzarkən demirdim ki, bərbad oynayırıq. Bəzən yaxşı vəziyyətdə olursan, bəzən pis. Ola bilər ki, bəzi problemlərimiz var. Amma bunu üzə çıxarmağı sevmirəm. "Sent-Patriks"ə qarşı 45 dəqiqə 10 nəfərlə oynadıq, 0:1 uduzduq. Lakin heç nə itirilməyib. Cavab oyununda ən böyük problem İvanın olmamasıdır. Bu gün futbolçularım savaşdılar, döyüşdülər. Onların yanaşmasına görə heç nə deyə bilmərəm".
Qeyd edək ki, iki turdan sonra qələbəyə həsrət qalan "Sabah" 1 xalla Azərbaycan çempionatında "Şamaxı" və "Səbail"lə birlikdə 7-9 cu pillələri bölüşür.