İtaliyanın "İnter" futbol komandasının baş məşqçisi Kristian Kivu A Seriyasının 11-ci turunda "Komo" üzərində 2:0 hesablı qələbəni şərh edib.
İdman.Biz "Football Italia" nəşrinə istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis futbolçularının komanda oyunundan, yüksək tempindən və pressinqindən razı qaldığını bildirib.
"27 gün ərzində doqquz oyun keçirdik və bu müddət bizdən böyük enerji tələb etdi. Həm uğurlu, həm də uğursuz anlarımız oldu. Biz həmişə daha yaxşı olmağa çalışırıq. Lakin bəzən qüruru bir kənara qoymaq, səylə çalışmaq və növbəti oyunlara düzgün əhvali-ruhiyyə ilə hazırlaşmaq lazımdır", - deyə Kivu bildirib.
Baş məşqçi komandasının "Komo" ilə qarşılaşmada göstərdiyi oyunu da yüksək qiymətləndirib:
"Tempi və intensivliyi artırdıq. Hazırlığımız topla keyfiyyətli oynamağa və effektiv pressinq tətbiq etməyə imkan verdi. Vahid komanda kimi çıxış etdik. İlk hissəni hər baxımdan yaxşı keçirdik, daha sonra isə oyunun müxtəlif mərhələlərinə düzgün nəzarət edə bildik. Futbolçuları təbrik edirəm, bu gün möhtəşəm idilər".
Qeyd edək ki, "İnter" 28 xalla İtaliya A Seriyasının turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Milan təmsilçisi 29 xalla lider olan "Latsio"dan bir xal geri qalır.