"Karyeramdakı ən yaxşı oyunlardan birini keçirdim". Bu sözləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Kevin Medina deyib.
Müdafiəçi Portuqaliyada "Benfika"ya qalib gəldikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunu ilə bağlı danışıb:
"Qələbə qazandığımız üçün xoşbəxtəm. "Benfika" kimi komandaya qarşı kifayət qədər yaxşı performans göstərdik. UEFA Çempionlar Liqasındakı rəqabət tamamilə fərqlidir. Əldə etdiyimiz nəticə isə qürurvericidir".
Qeyd edək ki, "Qarabağ" Lissabonda rəqibini 3:2 hesabı ilə üstələyib. Azərbaycan çempionu oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" kollektivini qəbul edəcək.