top
Kaxaber Sxadadze Qəbələdəki həyatı, karyerası və Azərbaycan futbolu haqqında danışdı Idman.biz
Bu gün, 17:17
- +

Kaxaber Sxadadze "Qəbələ"dəki həyatı, karyerası və Azərbaycan futbolu haqqında danışdı

"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadzenin Futbolinfo.az-a müsahibəsi

– Özünüzü Azərbaycanda necə hiss edirsiniz?

– Burada çox rahatam, iş üçün çox yaxşı şərait yaradılıb. Biz rəhbərliklə belə qərara gəldik ki, Qəbələdə məskunlaşaq. Mən işimi sevirəm və bura da işləməyə gəlmişəm. İstirahətə də vaxt ayırmaq lazımdır ki, Qəbələdə də bunun üçün əla imkan var. Buranın əla havası, mükəmməl təbiəti var. Burada heç kim mənə mane olmur. Bu da ən vacib məsələdir. Yeri gəlmişkən, mənim üçün çox yaxşı mənzil icarəyə götürüblər.

– Ailənizlə birgə qalırsınız?

– Mənim ailəm böyükdür, uşaqlarım da böyüyüb, onlar ayrı qalır. Həyat yoldaşım gəlir, gedir… Bir sözlə, hər şey ürəyimcədir. Mən ümumiyyətlə belə balaca şəhərcikləri sevirəm. Sakitçilikdir, xaos yoxdur…

– Ötən mövsüm karyeranızda ilk dəfə I Liqa komandasını çalışdırdınız, doğrudur?

– Bəli, bu, mənim üçün ilk belə təcrübə oldu. Biz buna hazır idik. Təbii ki, çətinliklər var idi. Amma psixoloji cəhətdən özümüzü toparlaya bildik. Bu da uğurlu nəticə əldə etməyimizə təkan oldu. Ancaq iş haqda fikirləşirdik. Məqsədimiz I Liqanın qalibi olub yenidən Premyer Liqaya vəsiqə qazanmaq idi. Bunun üzərində çox işlədik. Məqsədimizə çatdığımıza görə futbolçularımıza təşəkkür edirəm. Mən onlarla fəxr edirəm. Komandanı demək olar ki, sıfırdan yığdıq. Məsələ ondadır ki, Premyer Liqanı tərk edən komandadan əlimizin altında cəmi 4 futbolçu qalmışdı. Rəhbərlik də bizə lazımi dəstək verdi. Belə bir komandanı formalaşdırmaq çox çətin idi. Biz bunu bacardıq! Mən mövsümün əvvəlində idman direktorumuz Səbuhi Səfiyarlıya demişdim ki, yaxşı nəticə qazanmağımızı istəyirsənsə , artıq starta qədər heyətin 95 faizinin formalaşdırmalıyıq. Qalan 2-3 oyunçunun da mövsümün gedişində almaq olar. Sağ olsun, Səbuhi bunu etdi! Bunun sayəsində komanda saat kimi işlədi. Nəticə də göz qabağındadır!

– Uzun illər Bakıda yaşayan adam kimi paytaxtımız üçün darıxmışdınız?

– Çox! Səmimiyyətimə inanın! 8 il bu şəhərdə yaşamışam. Bakı mənim ikinci evimdir.

– Qəbələ ilə Bakının müsbət və mənfi cəhətdən fərqləri haqqında nə deyə bilərsiniz?

– Qəbələ haqda artıq danışdım. Bakı paytaxtdır və bu da sözün yaxşı mənasında xaosdur. Ümumiyylətlə, bütün paytaxt şəhərləri belədir, Tiflis də istisna deyil.

– Amma mənə elə gəlir ki, sakitliyinə görə Tiflis Bakıdansa Qəbələyə daha çox oxşayır.

– (gülür) Hə, əhali sayına görə deyirsinizsə, Tiflisdə Bakı qədər çox sıxlıq yoxdur.

– Gəlin, qəbul edək ki, Bakı ilə əyalətlər arasında böyük uçurum var. Həyat səviyyəsi, iş yerləri və s. Gürcüstanda da vəziyyət belədir?

– Bizdə də sizinki kimidir. Hamı paytaxta can atır. Moskva məgər belə deyil?

– Moskva məlum məsələdir, mən Gürcüstanı deyirəm…

– Bizdə də eyni şeydir. Çünki Tiflisdə özünü inkişaf etdirmək üçün daha böyük imkanlar var. İnsanlar həmişə böyük şəhərlərə qaçırlar.

– Sizin çempion etdiyiniz sabiq "İnter" bu çempionatda oynasaydı, hansı yeri tutardı?

– Çempionluğa oynayardıq, amma onu da qəbul etmək lazımdır ki, "Qarabağ" başqa səviyyədir. Heç kim onlarla ayaqlaşa bilmir. Bu komanda artıq öz çıxışı ilə maliyyəsini müəyyənləşdirir, avrokuboklardan yaxşı qazanırlar. Bu komandanın təkcə "Bayer"lə oyunlarını xatırlamaq kifayətdir.

– Gürcüstanın hansısa bir klubunun maliyyə imkanları belə geniş olsaydı, Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazana bilərdi?

– "Qarabağ"dakı kimi işləsələr, 100 faiz bunu bacarardılar. Əvvəla, Gürcüstanda maliyyə bu səviyyədə deyil. Doğrudur, Kutaisi "Torpedo"suna hazırda çox yaxşı imkanları olan yaxşı bir insan rəhbərlik edir. Komandanın inkişafı üçün çox pul xərcləyir, sadəcə, orada bir qədər menecmentliklə bağlı problemlər var. "Qarabağ"da isə artıq mexanizm formalaşıb. Bu klubda hər kəs öz işini layiqincə görür. İnkişaf üçün bu çox vacib elementdir. Baş məşqçi ilə skaut sistemi bir yerdə işləməlidir. Bununla yanaşı, komandada inzibati işləri görən insanlar da mükəmməl işləməlidir. Amma hansısa klubda prezident baş məşqçisini çağırıb necə oynamaq lazım olduğunu izah edirsə, ona taktika ilə bağlı göstərişlərini verirsə, bu komandada heç nə alınmayacaq. Postsovet məkanın əksər klublarında belə problemlər var. Mən özüm də belə vəziyyətlə üzləşmişəm. Prezident mənim yanımda futbolçuya izah edirdi ki, topu necə sinəsində qəbul etmək lazımdır və s.

– Azərbaycan Premyer Liqasının Gürcüstan çempionatından daha keyfiyyətli olmasını müzakirə etməyə ehtiyac yoxdur. Bəs bizim I Liqa üstündür, yoxsa Gürcüstanın?

– Mən sizə belə deyim, ötən mövsüm I Liqada mübarizə aparan "Qəbələ" Gürcüstanın yüksək liqasınını istənilən komandası ilə başabaş oynayardı.

– Azərbaycanlı azarkeşlər tez-tez futbolumuzu Gürcüstan futbolu ilə müqayisə edirlər. Siz milli səviyyədə nəsə qazananda, bizimkilər buradan deyir ki, "görürsüz gürcüləri nə edirlər" və s… Bu sual həmişə məni düşündürüb: biz məgər Gürcüstanın rəqibiyik? Belə bir paralel aparmaq istəyərdim. Cənubi Amerikada da Paraqvayla Uruqvay qonşudur. İkisi də balaca ölkədir. Amma Paraqvay Uruqvaya rəqib deyil axı. Biri 2 qat dünya çempionu, digəri isə bəzi hallarda mundiala vəsiqə qazanır. Belə ölkələrin futbolunu müqayisə etmək nə dərəcədə doğrudur?

– Məsələyə kompleks yanaşmaq lazımdır. Bəli, Azərbaycanın klub futbolu Gürcüstanın klub futbolundan üstündür. Amma futbol təsərrüfatı tam fərqlidir. Burada əsas infrastruktur məsələsi qabardılmalıdır. Daha sonra uşaq futbol məktəbinin keyfiyyəti şərtdir. Bu iki məsələdə biz sizi üstələyirik.

– Bəs istedad və potensial?

– Siz Almaniyada kimlərin arasından futbolçu yetişdirildiyini görsəniz, dəli olarsınız. Əsas uşaqlarla düzgün işləmək lazımdır. Mən heç kimi tənqid etmirəm, amma bizə elə uşaqları təqdim edirlər ki, sağ və solla oynamağı müəyyənləşdirə bilmirlər. Adicə topu qəbul etməkdə problem yaşayırlar. Uşaqlar normal mühitdə futbolun sirlərinə yiyələnməlidir. Belə işləri bir ilə qurmurlar. Gürcüstan əhalisi milli komandanın böyük turnirin final mərhələsinə düşməsini 30 il gözlədi. Biz ilk rəsmi oyunumuzu 1994-cü ildə oynamışıq. Səbirli olmaq lazımdır. Həm biz, həm siz bu müddət ərzində necə böyük çətinliklərlə üzləşmişik. Mən siyasi məsələlərdən danışmaq istəmirəm. İkimizdə də hərbi əməliyyatlar gedib. Mənə elə gəlir ki, Azərbaycan millisi də Avropa çempionatının final mərhələsinə yüksələcək, bu mütləq baş verəcək! Bunun üçün uşaqlardan başlamaq lazımdır. Çünki material həmişə var. Kütləviliyi artırmaq lazımdır. Yadda saxlayın, rəqabət olmayan yerdə nəticə qazanmaq mümkün olmayacaq. Siz jurnalistsiniz, doğrudur? Bu sahədə tək çalışsanız, bundan effekt almaq olar? Yox, çünki rəqibiniz yoxdur, rahatsınız. Mən də məşçiyəm və həmişə güclü rəqibləri məğlub etmək istəmişəm. Rəqabət varsa, inkişaf da olacaq.

– Biz indi futboldan danışırıq, sizdə komanda idman növlərindən basketbol da güclüdür axı. Milliniz Avropa çempionatında qrupda son çempion İspaniya yığmasını, 1/8 finalda isə Paris Olimpiadasının gümüş mükafatçısı Fransa seçməsini məğlub etdi. Sizin MBA-da oynayan basketbolçularınız var. Buna nə deyirsiniz?

– Bizim basketbol ənənələrimiz SSRİ dövrünə gedib çıxır. İttifaq millisində Otar Korkiya və Zurab Sakandelidze kimi basketbolçular oynayıb. Bizim böyük məktəbimiz olub. Sonradan eniş dövrü yaşandı. İndi də gördüyünüz kimi yüksəlişdəyik. Baza varsa, istedadlar yenə çıxacaq.

– Azərbaycanlı futbolçular xaricə yollanmağa elə də can atmırlar. Vaxtilə rusiyalı oyunçuların oxşar problemi haqqında danışanda belə bir ifadə işlətmisiniz: "Almaniyalıya 100 dollar versəniz, məbləği 1000 dollar etmək üçün hər şeyi edər. Rusiyalını isə 100 dollar da qane edər". Sizcə, bizdə də əsas problem düşüncədədir?

– Uzun illər Avropada yaşayan bir adam kimi deyə bilərəm ki, onlar bizdən mental cəhətdən çox fərqlənir. Biz sovet mentalitetinin daşıyıcılarıyıq. Lionel Messi və Kriştianu Ronaldoya baxın – milyonlar qazanırlar, amma hələ də uğura acdırlar. Onlar dayanmaq istəmir. Oynamaq üçün həmişə motivasiyaları var. Təəssüf ki, biz işə belə yanaşmırıq.

– Amma siz gürcülər bu mənada bizə baxanda yaxşısınız. Sadəcə, məni bir məsələ düşündürür: sizdə də bizdəki kimi pul olsaydı, kənara çıxmazdız?

– Bilmirəm. Amma məncə də hə, biz də belə olardıq. Sadəcə, daxildə pul yoxdur deyə kənarda qazanmağa məcburuq. Sadəcə, azərbaycanlılar öz mühitinə daha çox bağlıdır, evdə rahatlığını tapır, kənarda özünü yaxşı hiss etmir. Biz isə hər yerə uyğunlaşırıq.

– Sizcə, burada müsəlmançılığın rolu var?

– Bu haqda heç nə deyə bilmərəm.

– Məsələn, siz özünüz vaxtilə zədəli halda Sven-Yoran Erikssonun çalışdırdığı "Benfika"ya baxışa yollanmışdınız. Oxuduğuma görə bileti sizə Sergey Yuranla Vasili Kulkov almışdı. Amma xaricdə ilk təcrübəniz isə şəraiti heç də yaxşı olmayan İsveçin "Sundsvall" klubu olub.

– Yox, onlar mənə bilet almayıb. Sadəcə, Yuran məni orada qarşıladı, hətta onun evində də qalırdım. Biz bir yerdə SSRİ millisində oynamışıq. Onlar məni İsveçdə qardaşları kimi qarşıladı. Bütün bunlara görə Sergeylə Vasiliyə minnətdaram. Bu komanda tam da peşəkar deyildi. Heç hər gün məşq yox idi. İki gündən bir məşqə çıxırdıq. Futbolçular axşam işdən çıxıb məşqə gəlirdi. Həftədə bir dəfə də oyuna çıxırdıq. Mən ora elə bir vaxta getdim ki, Gürcüstan SSRİ-nin tərkibindən yenicə çıxmışdı. Gürcüstan çempionatı isə çox zəif idi. Mənə "Spartak"dan dəvət gəldi, amma siyasi vəziyyətə görə orada qala bilmədim. Orada qalsaydım, ailəmlə bağlı problem olacaqdı. Gürcüstanda qalsaydım, səviyyəcə çox geriləyəcəkdim. David Kipianidən xahiş etdim ki, mənə xaricdən klub tapın. Nəticədə "Sundsvall" variantı meydana çıxdı. Qeyd edim ki, Şengeliya və Svanadze kimi futbolçularımız da o vaxt İsveç çempionatında oynayırdı. Bir sözlə, İsveçdə 6 ay oynadıqdan sonra oranı tərk etdim.

– Futbolçularımızın üzləşdiyi problemlər arasında dil baryeri və yeni mühitə uyğunlaşmamaq da var. "Ayntraxt"dakı ilk məşqinizdə "dilinizi öyrənməyəcəyəm, ingilis dili mənə bəs edər" demişdiniz. Amma sözlərinizə reaksiyanı gördükdən sonra dərhal alman dilini öyrənməyə başlamışdınız. Matçlardan sonra komanda yoldaşlarınızla restoranlara gedirdiniz, doğum günlərini birgə qeyd edirdiniz. Bizim Vaqif Cavadov isə "Tvente" karyerasının orada tək qaldığına görə alınmadığını söyləmişdi…

– Ona görə də az öncə sizə dedim ki, biz gürcülər başqa mühitə daha tez öyrəşirik. Siz çətinlik çəkirsiz. Halbuki, bu çətinliklərlə mübarizə aparmaq lazımdır. Mən orada ingiliscə də danışa bilərdim, amma özümü alman dilini öyrənməyə məcbur etdim. Mənə bu mənada serbiyalı komanda yoldaşım Slobodan Komlenoviç kömək etdi. Hər halda, serb dili rus dilinə yaxın olduğundan biz-birimizi başa düşürdük . Baş məşqçimiz də serbiyalı Draqoslav Stepanoviç idi. Almaniyada yaşaya-yaşaya başa düşdüm ki, qaldığın ölkənin dilini öyrənmədən yaşamaq çətindir.

– İndi də alman dilində yaxşı danışırsınız?

– Əlbəttə!

– Sonradan yenidən Moskva "Spartak"ına yollandınız. Orada məşqlərin birində Aleksandr Mostovoy ilə toqquşdunuz. Həmin toqquşma olmasaydı, komandada karyeranız fərqli alına bilərdi? Burun sınığı və beyin silkələnməsinə görə əsas heyətdə yerinizi itirmiş, sonra isə klubdan ayrılmışdınız.

– Buna görə mən ilk növbədə özümü günahlandırıram. Mən o vaxt öz üzərimdə daha səylə çalışmalı idim. "Spartak"ın üslubu tam fərqli idi. İndiki "Barselona" da. Mən gərək dahi Oleq Romantsevin üslubuna uyğunlaşaydım. Özüm günahkaram. O vaxt nə bilim, bir az dəliqanlı idim. Özümü göylə aparırdım. Romantsev buna görə məni bağışlamadı.

– Demişdiniz ki, futbolçu ikən başla oynamağı sizə isveçlilər öyrətmişdilər. Standart vəziyyətdən buraxılan qollar Azərbaycan futbolunun yaralı yeridir. Bizimkilərə nə məsləhət görərdiniz?

– Sizə düzünü deyəcəyəm, mən hələ 15-16 yaşımda olarkən bunun üzərində çox işləyirdim. Mən hər gün məşqdən sonra 100 dəfə baryer üstündən atlanıdrdım. Üstəlik, hər məşqdə də cinahdan 20-30 dəfə topu mənim tərəfə qaldırırdılar və mən də onu qarşılamağa çalıışırdım. Mənə hətta İngiltərədə başla yaxşı oynadığıma görə "Air King" deyirdilər. Sadəcə, işləmək lazımdır.

– Rusiyanın bir neçə klubunda oynamısınız, futbolçu karyeranızı da orada bitirmisiniz. Bu ölkə ilə bağlı xoş xatirələrinizin olduğunu demişdiniz. Tutaq ki, yenidən Rusiyadan dəvət gəldi, qəbul edərdiniz?

– Bəli, qəbul etmək lazımdır ki, hazırda Gürcüstanla Rusiya arasında əlaqələr elə də yaxşı deyl. Hərçənd son vaxtlar bir az gərginlik azalıb. Hakimiyyət nümayəndələri arasında əlaqələr normallaşıb, amma gürcü xalqı bu düşüncədə deyil. Mənə elə gəlir ki, idmanı siyasətdən ayırmaq lazımdır. Belə baxanda indi Rusiyada gürcü oyunçular çıxış edir. Vaxtilə Xviça Kvaratsxeliya da orada oynayıb. Ona görə də fikirləşirəm ki, təklif gəlsə, niyə də "yox" deməliyəm ki? Mən burada problem görmürəm.

– Sabiq futbolçuların siyasətə üz tutmasına necə baxırsınız? Gürcüstanın yeni prezidenti vaxtilə millidə birgə oynadığınız Mixail Kavelaşvilidir. Tiflisin meri isə ölkənizin başqa bir əfsanəsi Kaxa Kaladzedir. Sizin belə bir planlarınız varmı?

– Yox, mən heç vaxt siyasətçi olmaq istəməmişəm. Kaladze hələ oynadığımız illərdə bizə deyirdi ki, "gələcəyimi siyasətdə görürəm". O, artıq çoxdan istəyinə çatıb. Kaxaya uğurlar arzulayıram. Mixal isə yolunu siyasətə qəfildən saldı. Ona da uğur diləyirəm. Mən Gürcüstan vətəndaşı kimi düşünürəm ki, dövlətimizi idarə edənlər güclü olsa, ölkəmiz də güclənəcək.

– Prezident seçildikdən sonra Kavelaşvilini təbrik etdiniz?

– Əlbəttə, təbrik etməyə bilərəm?!

– Sizcə, Kavelaşvili və Kaladze gördükləri işin öhdəsindən gələ bilirmi?

– Nə qədər öz işinin öhdəsindən layiqincə gəlsən də, yenə də hamı səni sevə bilməz. Mən Avropada yaşamışam, orada insanlar ümumiyyətlə siyasətdən danışmır. Nə qədər komandada çıxış etmişəm, bir dəfə də görməmişəm ki, öz aramızda siyasətdən danışaq. Avropanın böyük ölkələrində heç bilmirlər ki, ədliyyə və ya xarici işlər naziri kimdir. Amma biz bunu biliriksə, bu, bizim bəlamızdır.

– Futbolçu ikən sol dizinizdən 9, sağ dizinizdən isə 3 dəfə əməliyyat olunmusunuz. Ümumilikdə 12 dəfə. Buna baxmayaraq, 36 yaşına qədər oynamısınız. Ciddi zədələr olmasaydı, futbolçu kimi maksimumunuzu necə görürdünüz?

– 1995-ci ildə karyeramın pik dövrünü yaşamışam. O vaxt Bundesliqada mübarizə aparan Frankfurt "Ayntraxt"ında çıxış edirdim, çempionatın ən yaxşı müdafiəçilərindən biri idim. Həmin dönəmdə mən çox ciddi zədəyə məruz qaldım. Elə oradan da eniş dövrü başladı. Mən 4 ili zədə üzündən boşa vermişəm. Daha uğurlu karyera qura bilərdim, təəssüf ki, zədələr imkan vermədi. Bəxtim gətirmədi.

– Keçək Xviça Kvaratxseliyaya. O, qısa müddətdə əsl ulduza çevrildi. Doğrudur, Rusiya çempionatında artıq potensialı görünürdü, amma "Napoli"yə keçəndən sonra çoxlarını təəccübləndirdi. Onun belə tez inkişafını gözləyirdiniz?

– Mən onun istedadını əvvvəldən görürdüm. Kvaratsxeliya Gürcüstanda keçirilən 17 yaşa qədər futbolçular arasında Avropa çempionatında özünü yaxşı tərəfdən göstərdi. Xviça ilə yanaşı Georgi Quliaşvili, Zuliko Davitaşvili və İva Gelaşvili də diqqət mərkəzinə düşdü. Ətrafıma dedim ki, bu 4 futbolçu uğurlu karyera quracaqlar. Hərçənd Xviça fiziki cəhətdən bir qədər onlardan geri qalırdı. Amma potensialına görə çox fərqli oyunçu idi.

– Onun inkişafında atası Badrinin rolu nə dərəcədə böyükdür?

– Badri yüksək səviyyəli futbolçu olub. Azərbaycanda onu çox sevirlər. O öz dövründə güclü rəqabətə görə Gürcüstan millisinə düşə bilmirdi. Nəticədə Azərbaycan vətəndaşlığını qəbul etdi. Xviçanın inkişafında atasının böyük rolu var. Həm də gen öz sözünü deyir. Ailənin başçısı futbolçudursa, bu, mütləq öz təsirini göstərməlidir. Hələ Xviçanın 16-17 yaşlı kiçik qardaşının da böyük potensialı var. O, indi Gürcüstan çempionatında oynayır.

– Kvaratsxeliyanın PSJ-yə transferini doğru addım sayırsınız? O, qısa müddətdə "Napoli" azarkeşlərinin sevimlisinə çevrildi. "Kvaradona" ləqəbinin özü artıq çox şeydən xəbər verir. Xviça orada qalsa idi, klub tarixinin ən böyük əfsanələrindən biri olardı. Azarkeşi olduğu "Real"a, ya da "Barselona"ya deyil, PSJ-yə keçmək nə dərəcədə düzgün qərar idi? Doğrudur, PSJ ilə Çempionlar Liqasını qazandı, amma hər halda…

– Şəxsi fikrimi deyəcəyəm: Xviça "Napoli"də elə ilk ilində mükəmməl mövsüm keçirdi, A Seriyasının ən yaxşı oyunçusu seçildi. Buna baxmayaraq, klubun ən az məvacib alan oyunçularından biri idi. Komandanı çempion edən futbolçu belə az məvacib almağa layiq deyil. Xviça gördü ki, klub prezidenti Aurelio de Laurentis ona qarşı ədalərtsizlik və hörmətsizlik edir. O, "Napoli"dən getməklə doğru qərar qəbul etdi. Amma burada başqa sual yaranır: hara getməli idi? Kvaratsxeliya 4-3-3 taktiki sxemi ilə oynayan komandada daha yaxşı oynaya bilərdi: Qvardiolanın "Mançester Siti"si, Kloppun "Liverpul"u, bununla yanaşı "Bayern" və "Barselona". Özü "Real" azarkeşidir, amma madridlilərin heyətində həmin mövqedə Vinisius var. Luis Enrikenin PSJ-yə gəlişi Kvaratsxeliyanın bu komandaya keçidini zəruri etdi. Yəni, tamamilə doğru qərardır.

– Atalar və oğullardan söz düşmüşkən, oğlunuz Baçana haradadır, nə işlə məşğuldur?

– Gürcüstandadır. I Liqada mübarizə aparan "Rustavi" komandasının meneceridir. İşləyir özü üçün. Rustavi də bizim doğma şəhərimizdir, mən özüm orada doğulmuşam.

– 2015-ci ildə Gürcüstan millisinin baş məşqçisi təyin olunmuşdunuz. Amma komanda rəhbərliyiniz altında 4-ü yoldaşlıq olmaqla cəmi 10 oyuna çıxmışdı. AÇ-2016-nın seçmə mərhələsində Almaniya və Polşa kimi güclü rəqiblərə məğlub oldunuz. Gürcüstan Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili sizə ödənilən maaşın çox olduğunu və 50 faizlik endirim təklifini qəbul etməyəndən sonra yolların ayrıldığını bildirmişdi. İndi aranızda münasibətlər necədir? Ondan incikliyiniz qalıb?

– Bütün bunlar keçmişdə qalıb. Bizim indi çox yaxşı münasibətlərimiz var, həm də dostluq edirik. Hər gün də olmasa, tez-tez bir-birimizlə əlaqə saxlayırıq. Mənə elə gəlir ki, münaqişə yaranırsa, tərəflərdən ancaq biri günahkar deyil. İndi həmin dövrü mən beynimdə saf-çürük edəndə öz səhvlərimi görürəm.

– Çalışdırdığınız Gürcüstan millisində hansı problemlərlə üzləşmizdiz? Ümumiyyətlə, komandanın çıxışını necə dəyərləndirərdiz?

– Mən uğursuzluqla üzlədiyimizi söyləməzdim. Çoxları bunu unudub, amma biz millini çalışdırmağa başlayarkən istedadlı 17-18 yaşlı uşaqları düşərgəyə dəvət etdik. Laşa Dvali məhz mənim başçılığım altında ilk oyununu Almaniya millisinə qarşı keçirdi. Onda onun 17 yaşı var idi. Həmçinin Otar Kakabadzenin və Nika Kvekveskirinin milliyə yolunu mən açmışam. Mən bu işlərimlə fəxr edirəm. Millidə az işləsəm də, onun inkişafı üçün çox iş görmüşəm. Mən ümumiyyətlə, gəncləri üzə çıxartmağı sevirəm. Bunu "İnter"də etmişəm, "Qəbələ"də də edirəm.

– 1993/94 mövsümü, Zaltsburq "Kazino"su ilə oyun. Rusiyalı baş hakim Sergey Xusainovun komanda yoldaşınızı ciddi olmayan qayda pozuntusuna görə meydandan uzaqlaşdırmaq istədiyini görüb ona "Qriqoryiç, bu ikincidir" deyə qışqırmışdınız. "Kazino"nun xorvatiyalı baş məşqçisi Otto Bariç isə bunu eşidib sizi "Russiches Schwein" ("rus donuzu") adlandırmışdı. Siz ona cavab vermiş, o da sizə tüpürmüşdü. Nəticədə Xusainov Bariçə qırmızı vərəqə göstərmişdi.

– Bəli, elədir. Amma Bariç mənə "rus donuzu" deyəndə mən də onun anasını söydüm. Xusainov bunu eşitmədi, ona görə də meydanda qaldım. Həmin hadisə orada da qaldı, ondan sonra Otto ilə heç bir yerdə yolumuz kəsişmədi.

– Ümumiyyətlə, siz emosional insan kimi tanınırsınız. Yəqin ki, bu da qafqazlı olmağınızdan irəli gəlir. Məsələn, Tiflis "Dinamo"sunun "Birlik Kuboku"ndan çəkilməsi ilə razılaşmayıb Moskva "Spartak"ına yollandınız. Doğrudur, bir həftə sonra qardaşınız Qoça və "Dinamo"nun rəisi Vladimir Qutsayevin bazaya gəlişindən sonra vətənə qayıtdınız. Ya da "Sioni"nin baş məşqçisi kimi 5 oyunluq cəza aldığınızı, növbəti oxşar cəzadan sonra isə məşqçilik fəaliyyətindən kənarlaşdığınızı xatırlamaq olar. Həmçinin "Sioni"nin ÇL-də "Bakı" ilə matçında Böyükağa Hacıyevlə münaqişənizii xatırlamaq olar. İndi Sxadadze çox dəyişib?

– Bəli, mən "Spartak"a gedəndə Gürcüstanda evimin qarşısına yığışıb "Spartak"a getdiyimə görə etiraz edən insanlar var idi. Qardaşımla Qutsayev Moskvaya gəlib mənə vəziyyəti izah etdi. O ki qaldı xasiyyətə, emosiyalar hələ də qalıb. Amma əvvəlki kimi deyil. Buna baxmyaraq, emosiyasız yaşaya bilmirəm. Bilərəkdən çılğınlıq etmirəm, bu sadəcə təbii haldır.

– "Mançester Siti"dəki karyeranız tam istədiyiniz kimi alınmadı. Düzdür, keçirdiyiniz 13 oyunda 3 qol vura bildiniz. Amma yəqin ki, gözləntiniz daha böyük idi. Bunun səbəbini nədə görürsünüz?

– Zədə! Bu komandada ilk zədəmi ikinci turda "Fulhem"lə oyunda aldım. Bu zədə mənim İngiltərədə uğurlu karyera qurmağıma mane oldu.

– Sizi gözləmədilər?

– Yox, niyə ki?! Mən geri də qayıtdım. Sadəcə, uğursuz əməliyyat məni dala saldı. 3 ay zədəmi sağaldandan sonra çıxdığım ilk məşqdə yenə də sıradan çıxdım. Getdim, 7 aydan sonra yenə sıraya döndüm və 2 həftə sonra artıq diz qapağım belə desək, qopdu. Mən ömrüm boyu İngiltərədə oynamağı arzulamışam. Hava toplarında üstün idim, çox təəssüf ki, zədəyə görə mən bu ölkədə möhkəmlənə bilmədim. Buna baxmayaraq, karyeramın ən gözəl mövsümü kimi İngiltərədə oynadığım mövsümü göstərə bilərəm.

– "Ayntraxt" və "Mançester Siti"nin nisbətən yaşlı azarkeşləri sizi xatırlayır?

– Əlbəttə. Yadınıza gəlir, "Ayntaxt" o vaxt "Qarabağ"la oynamaq üçün Bakıya gələndə qarşıma onların azarkeşləri çıxmışdı, məni tanımışdılar. Daha sonra mən "Latsio"ya Simone İnzaginiin yanında təcrübə mübadiləsi aparmaq üçün yollananda onda onların "Ayntraxt"la oyunları var idi. Həyat yoldaşımla Romanın küçələrində gəzərkən yenə də Frankfurtdan olan azarkeşlər məni görüb xatırladılar. Elə mən Frankfurta gedəndə də həmişə məni isti qarşılayırlar. Yeri gəlmişkən, onlar yenə də Bakıya gələcəklər. Amma "Mançester Siti"dən ayrılandan sonra Mançesterdə olmamışam. Sadəcə, bir dəfə İngiltərədə olanda bir taksi sürücüsü ilə o dövr haqda danışanda məni xatırladı.

– Qayıdaq, yenidən Gürcüstan yığmasına. Avropa çempionatından sonra dünya çempionatına da vəsiqə qazanacağınıza ümid edirsinizmi? Hər halda, evdə Türkliyə millisinə uduzduqdan sonra işiniz çətinləşdi.

– Təəssüf ki, evdə türklərə uduzduq. 3-cü dəqiqədə qol buraxandan sonra toparlanmaq çətindir. Amma növbəti oyunda Bolqarıstanı rahat məğlub etdik. Mübarizə aparmaq lazımdır. Məncə, səfərdə Türkiyəni məğlub etmək potensialımız var. Qrupda ikinci yeri tutsaq, pley-offa düşəcəyik. Ora düşdüksə, 100 faiz dünya çempionatına yollanacağıq.

– Baş məşqçiniz Villi Sanyolun üslubunu bəyənirsiniz?

– Onun öz dəsti-xətti var. Əminliklə demək olar ki, o, Gürcüstan millisinin tarixində ən yaxşı baş məşqçisidir.

– Əcnəbi mütəxəssislər sizin əsas komandaya dəvət alanda gürcü xalqının reaksiyası necə oldu?

– Bizdə əvvəlcə yerlilər işləyib. Sonra slovakiyalı Vladimir Vayss dəvət olundu. Onun komandası daha tez böyük turnirə vəsiqə qazanmalı idi. Sadəcə, o, həlledici oyunu uduzdu. Demək olar ki, bu komandanın bünövrəsini o qoyub. Hər halda, 5 il bu komandanı çalışdırıb. Sonra Sanyol gəlib işi davam etdirdi. Hərçənd biz işləyəndə 3-4-3 taktikası ilə oynayırdı, Vays gəlib bunu 4-3-3 etdi. Sanyol yenidən 3-4-3-ə qayıtdı. Ümumiyyətlə, məşqçiləri tez-tez dəyişmək doğru deyil. Onlara vaxt vermək lazımdır. Müntəzəm məşqçi dəyişmək menecmentliyin bərbad olması deməkdir.

– Fernandu Santuşun təyinatı ərəfəsində bizdə də Vayss variantı var idi. Sizcə, onu dəvət etsəydik, daha doğru seçim olmazdımı?

– Mən nə deyə bilərəm axı?! Amma subyektiv fikrimi öyrənmək istəyirsinizsə, onu deyim ki, Santuş böyük məşqçidir. Adam Portuqaliya millisini Avropa çempionu edib. Amma o nə dərəcədə Azərbaycan millisinə uyğun məşqçidir ki? Onun təyinatına cavabdehlik daşıyanlar doğru təhlil aparmalı idi. Elə adamı gətirmək lazım idi, o burada uğur qazansın. Ad arxasınca qaçmaq lazım deyil. Sanyolu heç kim tanımırdı. Yaxşı futbolçu olub, o heç, söhbət məşqçilikdən gedir. Adam əvvəlcə 2 il "Bordo"da işləyib, sonra isə 2 il TV-də şərhçilik edib. Yəni, ekspert işləyib. Biz bunun effektini gördük.

– Azərbaycan millisini çalışdırmağa razı olardınızmı? Yəni, AFFA-dan sizə belə bir təklif gəlsəydi…

– Əlbəttə, bu, mənim üçün böyük şərəf olardı. Amma təklif gələndən sonra da əyləşib detalları müzakirə etmək lazımdır.

– Deyilənə görə bir müddət əvvəl "Neftçi"dən də təklif almısınız. Bu doğrudur?

– Bəli, bir dəfə görüşümüz olub. Mən "Kayrat"dan gedəndən sonra Tiflisdə SOCAR rəsmilərindən biri ilə görüşdüm, ancaq razılığa gələ bilmədik.

– Problem nə idi? Maliyyə?

– Yox, sadəcə dumanlı vəziyyət idi. Mənə qısamüddətli müqavilə təklif etdilər, dedilər, komandanı bir neçə ayılıq çalışdır. "Neftçi" onda böhranda idi. Mən risk etmədim. Amma indi fikirləşirəm ki, təklifi qəbul etmək olardı. İnsan gərək özünə inansın!

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 18:34

Paracüdo üzrə Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək

Şahmat
Bu gün, 18:29

Teymur Rəcəbov "Formula 1" pilotları Hemilton və Leklerlə şahmat oynayıb

Tennis
Bu gün, 18:20

Fərhad İsmayılov: Azərbaycan stolüstü tennisçiləri MDB Oyunlarında medal üçün iddialıdırlar

Futbol
Bu gün, 18:11

U-15 Azərbaycan millisi Monteneqro U-15 yığmasına qalib gəldi

Futbol
Bu gün, 18:07

U-15 Azərbaycan Monteneqronu 3:1 hesabı ilə məğlub etdi

Güləş
Bu gün, 17:59

Dünya Çempionatı: Eldəniz Əzizli yarımfinalda, Sənan Süleymanov və Qurban Qurbanov 1/4 finalda məğlub oldu

Futbol
Bu gün, 17:59

"Neftçi" İqor Ribeyro ilə bağlı AFFA-nın qərarından narazıdır

Futbol
Bu gün, 17:57

Azərbaycan U-15 millisi Monteneqro U-15-i yoxlama oyununda məğlub edib

Futbol
Bu gün, 17:54

Nadir Nəbiyev: Yerli məşqçilərə güvənmək lazımdır

Formula 1
Bu gün, 17:49

Laura Villars FİA prezidentliyinə namizədliyini irəli sürüb

Formula 1
Bu gün, 17:42

"Formula-1" Azarkeşləri Pit-Leyndə: Azərbaycan Qran-Prisinə Hazırlıq

Futbol
Bu gün, 17:40

Fernandu Santuş "Panatinaikos"un baş məşqçi postuna namizəddir

Futbol
Bu gün, 17:37

Qonsalu Ramuş Mbappenin PSJ-dəki Rekordunu Təkrarladı

Futbol
Bu gün, 17:31

Arif Əsədov "Əfsanələr Kuboku"nda iştirakını Avropa və dünya çempionu olması ilə əlaqələndirdi

Cüdo
Bu gün, 17:29

Azərbaycan paracüdoçuları Tbilisi Avropa Çempionatına yollanır

Futbol
Bu gün, 17:20

Vensan Abubakar karyerasını İranda davam etdirəcək

Formula 1
Bu gün, 17:20

SoyMotor: Azərbaycan Qran-prisində xəstələnmə halları qeydə alınıb, yalnız Rassell deyil

Futbol
Bu gün, 17:13

Dani Alves "Pumas" klubuna cinsi zorakılıq işinə görə kompensasiya ödəyəcək

Futbol
Bu gün, 17:08

Lionel Messi "İnter Mayami" ilə yeni müqavilə bağlamağa yaxındır

Futbol
Bu gün, 17:03

İspaniya FIFA reytinqində Argentinanı qabaqladı

Futbol
Bu gün, 16:59

"Real" Niko Pası geri qaytarır

Güləş
Bu gün, 16:52

Dünya çempionatı: Yunan-Roma güləşçilərimizdən 3-ü 1/4 finalda

Formula 1
Bu gün, 16:47

"Formula 1" üzrə Azərbaycan Qran-prisində azarkeşlər üçün pit-leyn gəzintisi təşkil olunub

Oxşar xəbərlər