"Mançester Yunayted"in sabiq futbolçusu Andrey Kançelskis Kriştianu Ronaldunun Portuqaliya millisində karyerasını başa vurmaq qərarını dəyərləndirib.
İdman.Biz xəbər verir ki, keçmiş futbolçu 41 yaşlı hücumçunun qərarını təbii qarşıladığını bildirib.
"Nə vaxtsa milli komandadakı karyerasını başa vurmalı idi. Ronaldu 50 yaşına qədər oynaya bilməz. Hərçənd belə hallar da olub. O, millidə çox yaxşı dövr keçirib. Son illərdə Portuqaliya futbolunun səviyyəsi yüksəlib.
Kriştianuya bizə izləmək imkanı verdiyi maraqlı oyunlara görə böyük təşəkkür düşür. Onun üçün vida matçı təşkil edilməlidir. Düşünürəm ki, bu, mütləq baş tutacaq. Çoxlu ulduz futbolçu həmin görüşdə iştirak edəcək. Ronaldunun milli komandadakı vida oyununu gözləyəcəyik", - deyə Kançelskis bildirib.
Qeyd edək ki, Ronaldu 2003-cü il avqustun 20-də Qazaxıstanla yoldaşlıq görüşündə (1:0) Portuqaliya millisində debüt edib. O, yığmanın heyətində 234 oyun keçirərək 146 qol vurub və 45 məhsuldar ötürmə edib.