"Samdoriya"nın 18 yaşlı hücumçusu Lorenzo Mezzoteronun Azərbaycan milli komandasına dəvət alması İtaliya idman mediasında geniş müzakirələrə səbəb olub. B Seriyasında ilk qolunu yenicə vuran gənc forvardın əsas milliyə çağırılması onun inkişafına verilən müsbət qiymətlə yanaşı, İtaliyanın perspektivli futbolçunu əldən verə biləcəyi barədə müzakirələri də gündəmə gətirib.
İdman.Biz xəbər verir ki, noyabrın 6-da Azərbaycan millisinin heyəti açıqlanandan sonra bir neçə İtaliya nəşri bu hadisəyə xüsusi materiallar həsr edib. Bəzi jurnalistlər baş məşqçi Ayxan Abbasovun qərarını iki milli komandanı təmsil etmək hüququ olan futbolçunu heyətə cəlb etmək baxımından vaxtında atılmış addım kimi qiymətləndiriblər.
Bu xəbərə ilk reaksiya verən nüfuzlu "TuttoMercatoWeb" portalı olub. Jurnalist Tommazo Maskio məqaləsinə kifayət qədər diqqətçəkən başlıq seçib: "Azərbaycan vaxt itirmir və İtaliyanı qabaqlayır".
Məqalədə qeyd olunur ki, Mezzotero unudulmaz həftə keçirir. "Virtus Entella" ilə oyunda peşəkar karyerasının ilk qolunu vurduqdan sonra o, əsas milliyə dəvət alıb. Hücumçu daha əvvəl Azərbaycanın U-21 yığmasının heyətində də üç oyun keçirib.
Nəşr "İtaliya daha bir istedadı itirə bilər" xəbərdarlığını edərək Azərbaycan millisindən gələn dəvətin futbolçunun gələcək beynəlxalq karyerasına təsir göstərə biləcəyini vurğulayıb.
Oxşar mövqeni "Chiamarsi Bomber" portalı da bölüşüb. Jurnalist Culio Piras materialını belə adlandırıb: "Mezzotero Azərbaycan millisinə çağırıldı: İtaliya 2008-ci il təvəllüdlü istedadı itirmək riski ilə üz-üzədir".
Müəllif Azərbaycanın operativ davranmasına diqqət çəkib. Onun fikrincə, gənc hücumçu İtaliyada hələ geniş auditoriyanın diqqətini cəlb etməyə başladığı vaxt Azərbaycan artıq ona beynəlxalq karyerasında növbəti addımı atmaq imkanı yaradıb.
"Samp News 24" portalı isə daha sərt mövqe ortaya qoyub. Elia Serranı müəllifi olduğu məqalə "İtaliya daha bir istedadı əldən verirmi?" sualı ilə təqdim edilib.
"Mezzotero futbolumuzun başqa bir ölkənin xeyrinə itirdiyi növbəti gənc oyunçudur", – deyə nəşrin materialında bildirilir. Jurnalist bu vəziyyətin İtaliya futbolunun ikili vətəndaşlığı olan gənc oyunçuları vaxtında aşkar edib öz sıralarına cəlb etmək bacarığı ilə bağlı suallar yaratdığını düşünür.
Bununla belə, İtaliya mətbuatında tamamilə fərqli qiymətləndirmələrə də rast gəlinib. Belə ki, "Samp News 24" portalının digər jurnalisti Mariya Floris Azərbaycan millisindən gələn dəvəti hücumçunun sürətli inkişafının növbəti təsdiqi kimi qiymətləndirib.
"Gənc istedadın qızıl dövrü davam edir!" – deyə nəşr yazıb və 18 yaşında əsas milliyə çağırılmağı Metsotteronun bacarığına verilən mühüm qiymət kimi təqdim edib.
"Sampdoriya"ya həsr olunan "Club Doria 46" portalı isə bu xəbəri xüsusi sevinclə qarşılayıb. Jurnalist Marko Qrassinyi futbolçunun milliyə dəvətini onun çıxışlarının layiqli mükafatı adlandırıb.
"Bu, yuxu deyil, Lorenso, hər şey həqiqətən baş verir!" – deyə müəllif emosional şəkildə yazıb. O, hücumçunun hələ yaxın vaxtlarda Azərbaycanın U-21 yığmasında debüt etdiyini, indi isə əsas komandada oynamaq imkanı qazandığını xatırladıb.
Bununla yanaşı, nəşr Mezzoteronun artıq Azərbaycan millisinin xeyrinə yekun qərar verdiyini elan etməyə tələsib. Lakin hüquqi baxımdan vəziyyət bir qədər mürəkkəbdir. FIFA-nın qüvvədə olan qaydalarına əsasən, futbolçunun milli komandaya çağırılması onun seçimini birdəfəlik müəyyənləşdirmir. Hətta rəsmi oyunda debüt etmək belə bütün hallarda gələcəkdə başqa federasiyanı təmsil etmək hüququnu aradan qaldırmır.
FIFA reqlamentinin 10-cu maddəsinə əsasən, əsas milli komandanın heyətində rəsmi və yoldaşlıq görüşləri də daxil olmaqla, üçdən çox oyun keçirməyən futbolçu müəyyən şərtlər daxilində başqa yığmaya keçmək hüququnu saxlayır. Bunun üçün onun əvvəlki əsas millinin heyətində son rəsmi oyunu 21 yaşına çatmamışdan əvvəl olmalı, əvvəlki əsas milli komandada son çıxışından sonra isə ən azı üç il keçməlidir. Bundan başqa, futbolçu dünya çempionatının və ya qitə birinciliyinin final mərhələsində iştirak etməməlidir.
Beləliklə, bu əsasla millinin dəyişdirilməsi ehtimalını aradan qaldırmaq üçün Mezzotero Azərbaycanın əsas komandasında ən azı dörd oyun keçirməsi və həmin qarşılaşmalardan azı birinin rəsmi matç olması lazımdır. Millətlər Liqasındakı oyun onun bu istiqamətdə atacağı ilk mühüm addım olacaq. Ancaq bu, futbolçunun Azərbaycan millisində birdəfəlik möhkəmlənməsi anlamına gəlməyəcək.
Onu da qeyd edək ki, Mezzotero Azərbaycanın U-21 yığmasının heyətində keçirdiyi üç oyun əsas milli səviyyəsindəki oyun limitinə daxil deyil. Bu hüquqi məqama İtaliyanın "Diario del Web" portalı da diqqət çəkib. Jurnalist Filippo Vinsentçinin sözlərinə görə, "milliyə çağırılmaq oyunda iştirak etmək demək deyil". Müəllif hesab edir ki, hücumçunun beynəlxalq gələcəyi ilə bağlı yekun nəticəyə yalnız onun faktiki olaraq meydana çıxmasından və FIFA reqlamentinin müvafiq müddəalarından sonra gəlmək olar.
İtaliya mediasının reaksiyası fonunda daha bir maraqlı məqamı da diqqətə çatdırmaq lazımdır. Azərbaycan millisinin heyəti rəsmən açıqlanmamışdan bir neçə gün əvvəl İdman.Biz redaksiyası futbolçunun əsas komandaya dəvət olunması ehtimalı ilə bağlı AFFA-ya sorğu göndərib.
Müraciətimizdə baş məşqçi Ayxan Abbasovun Lorenso Mezzoteronu əsas milliyə cəlb etmək imkanını nəzərdən keçirib-keçirmədiyi ilə maraqlanmışdıq.
Redaksiyamız sorğuda ikili vətəndaşlığı olan gənc futbolçuların müəyyən şərtlər daxilində milli komandanı dəyişməsinə imkan verən FIFA reqlamentinə də diqqət çəkmişdi. Lorenzo Mezzoteronun İtaliyadakı inkişafını nəzərə alsaq, onun vaxtında əsas milliyə cəlb olunması məsələsi xüsusilə aktual görünürdü.
Təəssüf ki, redaksiyamız sorğuya rəsmi cavab almayıb. Lakin cəmi bir neçə gün sonra milli komandanın heyətinin açıqlanması və 18 yaşlı hücumçunun da siyahıda yer alması müəyyən mənada cavab oldu.
Təbii ki, İdman.Biz redaksiyamızın müraciətinin məşqçilər korpusunun qərarına hər hansı şəkildə təsir etdiyini və ya futbolçunun dəvət olunmasına səbəb olduğunu iddia etmir. Nəşrimizin belə bir məlumatı yoxdur. Bununla belə, sorğunun göndərilməsi ilə Lorenzo Mezzotero milliyə dəvət olunması arasındakı zaman uyğunluğunu qeyd etməmək də mümkün deyil.
İndi əsas məsələ gənc hücumçunun özünü birbaşa meydanda göstərmək imkanı qazanıb-qazanmayacağıdır. Artıq noyabrın 13-də Azərbaycan millisi UEFA Millətlər Liqası çərçivəsində səfərdə Lixtenşteynlə qarşılaşacaq, noyabrın 16-da isə Andorra ilə yoldaşlıq oyunu keçirəcək.
Ayxan Abbasov Lorenzo Mezzoteroya rəsmi matçda meydana çıxmaq imkanı versə, Azərbaycan perspektivli hücumçunu öz futbol gələcəyi üçün qorumaq istiqamətində daha bir mühüm addım atmış olacaq.