İsrailin xarici işlər naziri Gideon Saar İngiltərənin "Aston Villa" klubunun "Makkabi Tel-Əviv" azarkeşlərinin Avropa Liqasının 4-cü turunun oyununa gəlməsini qadağan edən qərarına reaksiya verib.
İdman.Biz bildirir ki, oyun noyabrın 6-da Birminhemdəki "Villa Park"da oynanılacaq.
"Biabırçı qərardır! Böyük Britaniya hakimiyyətini bu qorxaq qərarı ləğv etməyə çağırıram!", - Saar X sosial media hesabında yazıb.
Birminhem klubu tamaşaçılar və yerli sakinlər üçün təhlükəsizlik baxımından İsrail komandasının azarkeşlərinin beynəlxalq turnirə gəlməsinə qadağa qoyub.
Daha əvvəl 2026-cı il dünya çempionatının seçmə mərhələsinin oyunları zamanı İsrailin siyasətinə qarşı bir neçə etiraz aksiyası keçirilib. Osloda keçirilən belə aksiyalardan birində etirazçılar Yaxın Şərq dövlətinin bayrağını yandırıblar.