İsrailin Azərbaycandakı səfirliyi bu ölkənin amputant futbolçulardan ibarət yığmasını qəbul edib.
"Report"un məlumatına görə, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.
"İsrailin Azərbaycandakı səfirliyi Bakıda keçirilən turnir çərçivəsində İsrailin fiziki məhdudiyyətli şəxslərindən ibarət futbol komandasını səfirin iqamətgahında şam yeməyinə qəbul etməkdən şərəf duyub. Komandanı indiyədək göstərdikləri təsirli çıxış münasibətilə təbrik etdik və qarşıdakı oyunlarda uğurlar arzuladıq. Dünən isə komanda turniri qürurla ikinci yerdə başa vurdu. Bu, böyük nailiyyətdir!", - paylaşımda qeyd edilib.
Qeyd edək ki, İsrailin amputant futbolçulardan ibarət yığması Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunu gümüş medalla başa vurub. Komanda turnir cədvəlində 9 xala malik lider Ukraynadan 1 xal az toplamaqla ikinci sırada qərarlaşıb. Üçüncü yeri isə 7 xalla Azərbaycan futbolçuları tutub.