İraq İranın futbol millisinin olduğu təyyarənin Bəsrə hava limanına enməsinə icazə verməyib.
İdman.Biz Reuters-ə istinadən xəbər verir ki, qərar ABŞ-nin İran aviaşirkətlərinə tətbiq etdiyi sanksiyalarla əlaqədardır.
İranın Bəsrədəki konsulluğunun əməkdaşının sözlərinə görə, təyyarə geri qayıdaraq İranın Abadan hava limanına enib. Milli komanda Bəsrəyə quru nəqliyyatı ilə yollanacaq.
İran yığması İraq, Livan və Fələstin millilərinin də iştirak etdiyi dörd komandalı turnirdə mübarizə aparmaq üçün bu ölkəyə gedirdi. Komanda ilk görüşündə noyabrın 14-də Fələstinlə qarşılaşmalıdır.
Qeyd edək ki, ABŞ sentyabrın səkkizində İranla bağlı sanksiya siyahısına hava daşımaları sahəsində fəaliyyət göstərən, aviaşirkətlər də daxil olmaqla, 35 şirkəti əlavə edib.
ABŞ-nin maliyyə naziri Skott Bessent isə sentyabrın 21-də Vaşinqtonun sanksiyaları səbəbindən bütün İran aviaşirkətlərinin sentyabrın 23-dən xaricə uçuşları dayandırmalı olacağını bəyan edib. O, həmin sanksiyaların Tehranın xarici tərəfdaşları üçün də risk yaratdığını bildirib.