UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk matçında Sloveniya təmsilçisi "Selye"yə məğlub (2:3) olan "Sabah"ın məşqçilər korpusunun öz ideyalarını həyata keçirmələri üçün vaxt lazımdır.
İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında Bakı klubunun idman direktoru İqor Ponomaryov deyib.
Klub rəsmisi şansların itmədiyini söyləyib: "Öncəliklə azarkeşlərə təşəkkür etmək istəyirəm. Dünən stadionda doğrudan da möhtəşəm atmosfer var idi. Fikrimcə, stadiona gələn azarkeşlər futboldan həzz ala bildilər. Yeganə mənfi məqam uduzmağımız idi. Nəzərə almalıyıq ki, baş məşqçimiz Valdas Dambrauskas hələ yenidir, o və məşqçilər korpusunun öz ideyalarını həyata keçirə bilmələri üçün müəyyən vaxt lazımdır. Çox güman, bu oyundan sonra məşqçilər korpusu rəqiblə bağlı bəzi məsələləri dəqiqləşdirdilər. Şansımız davam edir. Komanda Sloveniya səfərində sübut etməlidir ki, rəqibdən daha yaxşıdır və növbəti mərhələyə vəsiqə qazanmağa daha layiqdir".
Qeyd edək ki, "Sabah"la "Sele" arasında cavab matçı iyulun 17-də Sloveniyada keçiriləcək.
İdman.biz