top
Görmə məhdudiyyəti olanlar üçün futbolu toxunma ilə izləməyə imkan verən texnologiya Idman.biz
16 yanvar 2026, 16:37
- ↺ +

Görmə məhdudiyyəti olanlar üçün futbolu toxunma ilə izləməyə imkan verən texnologiya

Canlı idman illər boyu əsasən görmə üzərində qurulmuş bir təcrübə kimi qəbul edilib. Lakin görmə məhdudiyyəti olan azarkeşlər üçün stadionda olmaq çox vaxt oyunun özünü deyil, yalnız səsi və ümumi atmosferi hiss etmək deməkdir. Məhz bu boşluğu doldurmaq məqsədilə yaradılan "Field of Vision" texnologiyası futbolu toxunma hissi vasitəsilə real vaxtda izləməyə imkan verən yeni bir yanaşma təklif edir.

"İdman izləmək" anlayışı və təcrübə məsələsi

Görmə məhdudiyyəti olan insanların idman izləməsi tez-tez yanlış başa düşülür. Halbuki "idman izləmək" anlayışı təkcə görmək demək deyil. Təcrübə səsdən, həyəcanından, atmosferdən, hətta stadionun qoxularından ibarətdir. Bir çox azarkeş üçün oyunun əsas dəyəri də məhz bu elementlərdə gizlidir.

Məsələn, audio-təsvirli şərh uzun illərdir stadionlarda tətbiq olunur. Avropanın bir çox arenasında görmə məhdudiyyəti olan azarkeşlər üçün xüsusi qulaqcıqlar təqdim edilir. Lakin aparılan sorğular göstərib ki, şərh nə qədər detallı olsa da, canlı oyunun intensivliyini və hərəkətini tam ötürə bilmir.

"Field of Vision" necə işləyir?

"Field of Vision" haptik cihazdan (istifadəçiyə toxunma hissi – vibrasiya, təzyiq, impuls – vasitəsilə məlumat ötürən texnoloji qurğu), süni intellektdən və kompüter görməsi modellərindən istifadə edir. Sistem stadionun ətrafında yerləşdirilən kameralardan gələn görüntülər vasitəsilə topun meydandakı mövqeyini real vaxtda izləyir. Bu məlumatlar xüsusi alqoritm vasitəsilə emal olunur və portativ toxunma cihazına ötürülür.

Cihaz A4 vərəqindən kiçik ölçüdədir və üzərində futbol meydançasının relyefi yerləşir. Maqnitli barmaq elementi səthin üzərində hərəkət edərək topun meydandakı dəqiq trayektoriyasını əks etdirir. Eyni zamanda vibrasiya mühərrikləri vasitəsilə ötürmə, zərbə, topa nəzarət və digər epizodlar fərqli toxunma siqnalları ilə hiss olunur.

Beləliklə, azarkeş ilk dəfə olaraq cərimə zərbəsində topun fırlanmasını, zərbənin gücünü və hücumun istiqamətini toxunma vasitəsilə hiss edə bilir.

Cihaz yüngüldür, batareya ilə işləyir və simsizdir. Wi-Fi, Bluetooth və 5G bağlantısını dəstəkləyir və yalnız stadion daxilində aktiv olur.

Stadionlarda real tətbiq

"Field of Vision" texnologiyası ilk dəfə ABŞ-də "Austin" klubunun ev oyunlarını keçirdiyi "Q2 Stadium"da keçirilən qarşılaşmalar zamanı sınaqdan keçirilib. Görmə məhdudiyyəti olan azarkeşlər oyunun həlledici anlarını anbaan və müstəqil şəkildə izləyə biliblər.

Hazırda cihazın əsas istifadəçiləri idman məkanları nəzərdə tutulur. Stadionlar bu qurğuları alaraq azarkeşlərin istifadəsinə verəcəklər. İstifadənin ödənişli olub-olmaması hər arenanın qərarından asılı olacaq, lakin ilkin gözlənti onun pulsuz təqdim edilməsidir.

Yaranma hekayəsi və komanda

"Field of Vision"un təsisçiləri gənclik illərində Dublində yerləşən "Sutton Park School"da tanış olublar. Omar Salem Belfastdakı "Queen"s University"də aerokosmik mühəndislik, David Deneher "Trinity College"də kompüter elmləri və biznes, Tim Farrelly isə "Trinity College"də kompüter mühəndisliyi üzrə təhsil alıb.

İdeyanın əsası 2019-cu ildə qoyulub. Həmin il Omar Salem futbol matçında iki tamaşaçının əks olunduğu bir videoya rast gəlib. Videoda görmə məhdudiyyəti olan bir azarkeşin dostu oyunun gedişini onun açıq ovucunun üzərində barmağı ilə izləyərək izah edirmiş. Bu səhnə Salemə həm təsir edib, həm də bir sual doğurub: görmə məhdudiyyəti olan bir insan futbolu niyə daim başqasının köməyi ilə yaşamalıdır?

Bu düşüncə nəticəsində Salem David Deneher və Tim Farrelly ilə birlikdə 2020-ci ildə "Field of Vision" layihəsini yaradıb.

İndiyədək layihənin inkişafı üçün təxminən 40 min avro (təxminən 80 min AZN) investisiya cəlb olunub. Dəstək "Trinity College"in "Launchbox" proqramı və "Alsessor" süni intellekt akseleratoru tərəfindən verilib.

Oxşar texnologiyalar və qlobal maraq

"Field of Vision" görmə məhdudiyyəti olan azarkeşlər üçün stadion təcrübəsini dəyişən əsas layihələrdən biri olsa da, bu sahədə çalışan yeganə təşəbbüs deyil. Son illərdə müxtəlif ölkələrdə idmanı daha inklüziv etmək məqsədilə bir neçə oxşar texnologiya hazırlanıb və artıq real istifadə mərhələsinə keçib.

"OneCourt"

ABŞ-də yaradılmış "OneCourt" platforması canlı idman oyunlarını toxunma hissi vasitəsilə izləməyə imkan verən haptik cihaz təqdim edir. "OneCourt" əsasən basketbol, Amerika futbolu və beysbol kimi idman növlərinə fokuslanıb.

Cihaz oyunun əsas məlumatlarını – topun hərəkəti, hücum və müdafiə fazaları, vacib epizodlar – vibrasiya və toxunma siqnalları vasitəsilə istifadəçiyə ötürür. Sistem həm stadionda, həm də ev şəraitində istifadə üçün nəzərdə tutulub. Məqsəd görmə məhdudiyyəti olan azarkeşlərin oyunun tempini və dinamikasını real vaxtda hiss etməsidir.

"OneCourt"un əsas üstünlüyü ondan ibarətdir ki, cihaz yalnız səsə əsaslanmır və istifadəçiyə oyunun strukturunu toxunma yolu ilə anlamaq imkanı yaradır. Bu texnologiya hazırda ABŞ-də müxtəlif idman liqaları ilə əməkdaşlıq çərçivəsində sınaqdan keçirilir.

"Touch2See"

Avropada hazırlanmış "Touch2See" texnologiyası toxunma ekranlı planşet prinsipi ilə işləyir. Sistem əsasən futbol üçün nəzərdə tutulub və topun mövqeyini, meydandakı əsas zonaları sadələşdirilmiş vizual–toxunma interfeysi vasitəsilə çatdırır.

"Touch2See" daha çox təhsil, təqdimat və ictimai tədbirlərdə istifadə olunur. Bu texnologiya oyun dinamikasını "Field of Vision" qədər detallı ötürməsə də, görmə məhdudiyyəti olan istifadəçilərə oyunun ümumi axınını və məkan quruluşunu anlamaqda kömək edir.

Bundan əlavə, FIFA da inklüzivlik istiqamətində addımlar atır. Quruma məxsus rəsmi materiallarda görmə məhdudiyyəti olan azarkeşlər üçün toxunma əsaslı texnologiyaların beynəlxalq turnirlərdə test edildiyi qeyd olunur. Məqsəd gələcəkdə bu həlləri daha geniş miqyasda tətbiq etməkdir.

Universal dizayn və gələcək perspektiv

"Field of Vision"un diqqətçəkən cəhətlərindən biri onun universal dizayn prinsipinə uyğun olmasıdır. Cihaz dildən asılı deyil, eşitmə məhdudiyyəti olan insanlar üçün də faydalıdır və hətta stadionda uzaq yerlərdə oturan adi azarkeşlər üçün belə oyunu daha rahat izləməyə kömək edə bilər.

Mütəxəssislərin fikrincə, bu tip texnologiyalar yaxın illərdə stadion təcrübəsinin ayrılmaz hissəsinə çevrilə və idmanı həqiqətən hər kəs üçün əlçatan edə bilər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:40

İsveçrə U-15 Milli Komandasının Dünya Kubokuna Qatılmama Səbəbi Açıqlandı

Futbol
Bu gün, 09:39

23 Oktyabr: Avropada keçiriləcək əsas futbol oturumu

Futbol
Bu gün, 09:38

40 evdə məğlubiyyətsiz: 'Bavariya' Çempionlar Liqasında rekord qoyur

Futbol
Bu gün, 09:31

Misli Premyer Liqası: “Araz-Naxçıvan” – “Qəbələ” (23 Oktyabr, 15:00)

Futbol
Bu gün, 09:20

Türkiyə liqasının ən dəyərli üç futbolçusunun reytinqi

Futbol
Bu gün, 09:08

Runi, Manchester United futbolçularını sərt tənqid etdi: "Məsuliyyət daşımır"

Digər
Bu gün, 09:01

Kür handbol komandası Mingəçevirdə Bosniya klubu ilə EHF Avropa Kubokunda qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Zirə vs Sumqayıt: Qaratalların Kimyaçılarla mübarizəsi

Formula 1
Bu gün, 08:49

18 yaşlı pilot Freddi Sleyter \"Audi\" üçün Formula 1-də debüt edəcək

Futbol
Bu gün, 08:40

İsveç U-15 milli komandası Bakıda keçiriləcək dünya kubokunda iştirak etməyəcək

Digər
Bu gün, 08:24

Venesiya marafonunda 124 ölkədən 24,000 iştirakçı

Futbol
Bu gün, 08:20

Şamaxıda Araz-Naxçıvan – Qəbələ qarşılaşması

Futbol
Bu gün, 08:00

Qitələrarası Kubokun final mərhələsinə Qətər ev sahibliyi edəcək

Futbol
Bu gün, 07:31

Manchester Uniteddə paltardəyişmə otağında Karrik və Kunya arasında gərgin mübahisə

Digər
Bu gün, 06:15

Lamin Yamal “Qızıl top” mərasiminə xüsusi təyyarə ilə gedəcək

Futbol
Bu gün, 05:17

Kanselu: Tribunada hər kəs ekspertdir, təzyiqə necə cavab verəcəyini göstər

Futbol
Bu gün, 04:13

Mançester Yunayteddə Əsas Namizəd Eddi Hau

Futbol
Bu gün, 03:09

Luiş Fiqu: "Mourinyo "Barselona" üçün möhtəşəm baş məşqçi olardı"

Futbol
Bu gün, 02:08

Mançester Yunayted kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqası matçı zamanı oğurluq edildi

Futbol
Bu gün, 01:29

“Arsenal” 2026-cı il dünya çempionu Aleks Baenanı transfer etmək istəyir

Futbol
Bu gün, 01:10

Klopp Bavariyanın müdafiə sistemini tam başa düşmür

Futbol
Bu gün, 00:51

PSJ, zədələnən Kvaratskheli yerinə Bayerin Ibrahim Maza transferini planlaşdırır

Futbol
Bu gün, 00:18

Levandovski “Qızıl top” namizədliyi üçün Lamin Yamal, Harry Kane və Michael Olise-ni təriflədii

Qarabağ FK
Dünən, 23:58

Premyer Liqanın IX turunda "Sabah" "Qarabağ"la, "Neftçi" isə "Turan Tovuz"la qarşılaşacaq

Oxşar xəbərlər