"İsveç faciəsi" təkcə Azərbaycan millisinin UEFA Millətlər Liqasında, əsasən, həvəskar futbolçulardan ibarət komandaların yer aldığı D liqasına düşməsi ilə deyil, həm də baş məşqçi Fernandu Santuşun anti-rekordları ilə yadda qalacaq.
İdman.biz xəbər verir ki, 0:6 kimi hesablara artıq öyrəncəli olan komandamız Solnadakı oyundan əvvəl də dörd dəfə altı top fərqilə uduzub. Hələ bu nədir ki, 0:7, 0:8 və hətta 0:10 hesablı məğlubiyyətlər də olub.
Fernandu Santuş üçün isə 0:6 bir ilkdir, ağır zərbədir.
70 yaşlı məşqçi bundan əvvəl ən pis halda dörd top fərqilə məğlubiyyətlər yaşayıb. AEK-də işləyəndə UEFA kubokunda "Zenit"ə 1:5, Yunanıstan çempionatında da "İraklis"ə 0:4 hesabı ilə uduzub. Həmçinin "Eştrela Amadora" və "Sportinq"də də 0:4 hesablı məğlubiyyətlər görüb.
Fernandu Santuşun uğursuzluqları bununla bitmir. Portuqaliyalı artıq 11 oyundur qalib gəlməyin sevincini dada bilmir. "Beşiktaş"da başlayan beş oyunluq qələbəsiz seriya Azərbaycan millisində də altı matçdır davam edir. 36 illik məşqçilik karyerasında belə uğursuzluq heç yaşamamışdı.
İdman.biz