"Güclənməli olan mövqeləri nəzərə alsaq, komandaya daha 4 və ya 5 legioner dəvət etməyi planlaşdırırıq". Sport24.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında "Qəbələ"nin prezidenti Fariz Nəcəfov yeni mövsümlə bağlı danışarkən deyib.
Funksioner bildirib ki, hazırda bəzi futbolçularla danışıqlar gedir: "Bəzi oyunçulardan cavab gözləyirik. Əvvəldən bildirdiyimiz kimi, akademiyamızın yetirmələri Premyer Liqada bizimlə olacaq. Buna görə də hələlik başqa yerli oyunçu dəvət etməyi düşünmürük".
Nəcəfov bir sıra mövqelər üçün transferlərin vacib olduğunu vurğulayıb: "Müdafiənin sağ və sol mövqelərini çıxmaq şərti ilə digər zonalara transferlər etmək məcburiyyətindəyik".
Qeyd edək ki, "Qəbələ" bunadək Prins Ovusu ("Qəbələ"nin U-19 komandasından) oynayıb), İsaak Amoah ("Atletiko Sanlukenyo", İspaniya), Paulo Quimbila ("Əl-Əhli, Bəhreyn) və Adriel Ba Louan ("Kan", Fransa) ilə müqavilə imzalayıb.