Londonun "Arsenal" klubu qış transfer pəncərəsində hücum xəttini yeni futbolçu ilə gücləndirə bilər.
İdman.Biz xəbər verir ki, tanınmış insayder Fabrizio Romano bu barədə özünün YouTube kanalında danışıb.
Onun sözlərinə görə, London təmsilçisi transfer bazarındakı vəziyyəti izləyəcək və yalnız uyğun fürsət yaranacağı təqdirdə hərəkətə keçəcək.
"Düşünürəm ki, "Arsenal" vəziyyətə uyğun davranacaq. Bilirik ki, qış transfer pəncərəsində futbolçu almaq asan deyil. Son dörd-beş ildə "Arsenal" bu məsələdə həmişə konkret mövqe nümayiş etdirib. Ya uyğun fürsət yaranır, ya da gözləməyi üstün tuturlar", - deyə Romano bildirib.
İnsayder bir neçə il əvvəl Duşan Vlahoviçin transferi ilə bağlı uğursuz cəhdi də xatırladıb. O, London klubunun tələsmədən düzgün qərar verməyə çalışdığını vurğulayıb.
"Arsenal" ağıllı davranmaq istəyir. Xüsusilə hücum xəttində uyğun fürsət yaranarsa, klub hərəkətə keçə bilər. Amma bu, düzgün futbolçu və münasib şərtlərlə mümkün olmalıdır. Ona görə də "Arsenal"ın yeni hücumçu transfer edəcəyini istisna etmirəm. Bunun mümkün olduğunu düşünürəm. Lakin noyabrın 6-na olan vəziyyətə əsasən, transferin mütləq baş tutacağını söyləyə bilmərik", - deyə Romano əlavə edib.