"Biz buraya qələbə qazanmaq üçün gəlmişik".
İdman.biz xəbər verir ki, bunu Estoniya yığmasının futbolçusu Maksim Paskotski deyib.
UEFA Millətlər Liqasının 5-ci turunda Azərbaycan millisinin qonağı olacaq estonların müdafiəçisi sabahkı oyuna tam hazır olduqlarını bildirib. Paskotski Estoniyanın futbolçularından heç kimi tanımadığını deyən yığmamızın hücumçusu Musa Qurbanlıya da cavab verib: "İlk matçda zədə üzündən birinci hissədə meydanı tərk etməli oldum. İndi hər şey qaydasındadır. Sabahkı oyuna tam hazırıq. Əlbəttə, hər oyundan əvvəl rəqib komandaların futbolçuları haqqında məlumat toplayırıq. Amma əsas məsələ komanda şəklində müdafiə olunmaqdır. Əgər bu işin öhdəsindən layiqincə gələ biliriksə, rəqin komandada kimin oynamasının fərqi yoxdur".
Qeyd edək ki, Paskotski Tallində keçirilən və Estoniyanın 3:1 hesablı qələbəsi ilə başa çatan görüşdə zədə üzündən 29-cu dəqiqədə meydanı tərk edib.
İdman.biz