"Rəhbərliklə ilk görüşdə iki plan üzrə danışmışdıq".
Bunu Birinci Liqada lider olan "Gəncəbasar" futbol komandasının baş məşqçisi Elhad Naziri sportal.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- "Gəncəbasar" ölkə kubokunda mərhələ keçdi. Amma bunu çətinliklə bacardınız. Belə çətin alınmasına səbəb nə oldu?
- Kubok oyunu olduğuna görə, heyətdə 90 faiz dəyişiklik etmişdik, az oynayanlara şans vermişdik. Bizim üçün kubok oyunu oyun kimi çox önəmli idi, amma nəticəsi bir o qədər də önəmli deyildi. Çünki biz I Liqaya köklənimişik. Hər iki hissədə yaxşı oyun oynadıq. Xüsusən də, ikinci hissədə futbolçulardan istədiyimi ala bildim. 120 dəqiqə yaxşı mübarizə apardıq. Düzdür, qollar buraxdıq. Bu səhvlərin üzərində işləyirik. Ani diqqətsizlikdən olur, konsentrasiyanı itirirlər. Eyni şeyi "Karvan-Yevlax"la oyunda da yaşamışdıq. Məşqçi olaraq, futbolçuların bir az eyforiyaya qapanmasını görürəm. Çalışıram ki, bu məsələni ani olaraq aradan qaldırım. Futbolçularıma təşəkkür edirəm, 120 dəqiqə mübarizə apararaq qələbə qazandılar.
- Növbəti mərhələdəki rəqibiniz "Şamaxı" olacaq. Bu mərhələdə şanslarınızı necə dəyərləndirirsiniz? Sizcə, Premyer Liqa klubunu turnirdən kənarlaşdırmaq alınacaq?
- "Şamaxı"nın gücünü bəllidir. Azər Bağırovun oynatdığı futbol, komandanın üst pillələrdə qərarlaşması bunu deyir. Rəqibin kimliyindən asılı olmayaraq, bizim futbol fəlsəfəmiz, futbola baxış tərzimiz var. Onu futbolçulara yeritməyə çalışırıq. Rəqibimiz hansı komanda olursa-olsun öz oyun üslubumuzdan dönməyəcəyik. Təbii ki, hər bir məşqçi və futbolçu meydana qələbə üçün çıxır. Ancaq yenə deyirəm, bizim üçün ən önəmli olan çempionat matçlarıdır. Bizi qarşıda ardıcıl üç tur çətin matçlar gözləyir. Çempionluğa layiq klublarla qarşılaşacağıq.
- Birinci Liqada çempionluq mübarizəsi aparırsınız. Belə olan halda, iki turnirdə oynamaq sizin üçün nə dərəcədə uyğundur?
- Xeyr, iki turnirdə oynamağımız məni qorxutmur. Onsuz da, Avropada həftədə 2 dəfə oyunlar olur, bütün komandalar bu təzyiqə dözürsə, azərbaycanlı futbolçular niyə dözməsin? Komanda quranda da, hər zaman gənclərə üstünlük verirəm. Hər iki turnirdə mübarizə aparmaqdan çəkinmirəm. Önəmli olan futbolçuların inkişaf etməsi, böyüməyidir. Çalışırıq ki, çatışmazlıqlarımızı aradan qaldıraq.
- Birinci Liqaya geri qayıtsaq, hazırda komanda liderdir. Özünüz üçün gözlənilən nəticədir? Yəni bu mövsüm əsas hədəf çempionluqdur?
- Rəhbərliklə ilk görüşdə iki plan üzrə danışmışdıq. İlk danışığımız çempionluq olmuşdu. Sadəcə olaraq, komanda gec yığıldığı və futbolçu qıtlığı üçün gənclərdən ibarət komanda qurub, çempionatı 5-6-cı yerlərdə bitirməyi hədəfləmişdik. Bu hədəfə çatsaydıq, bunu böyük nəticə əldə etmiş olacaqdıq. Şükürlər olsun ki, gənc kollektivlə böyük büdcəsi olan komandalarla eyni yer uğrunda mübarizə aparırıq. İlk dəfə olaraq sizə deyirəm ki, futbolçu büdcəmiz 22 min manatdır, oyunlara çıxdığım heyətin büdcəsi 14 min manat. Bu büdcəli futbolçularla ən maksimum hara qədər gedə biləriksə, gedəcəyik. Daim öz üzərimizdə işləyirik, hazırda liderik. Amma bu o demək deyil ki, hər şeyi etmişik. Çempionat uzun marafondur. Bu liqada illərdir işləmişəm, liqanı bilirəm. Liderlik bizi rahatlaşdıra bilməz, çempionluq uğrunda mübarizə 2-ci dövrədən sonra daha da qızışacaq.
- Komanda bu pillədəki yeri mövsümün sonuna qədər saxlamaq üçün geniş heyətə, rotasiya imkanına sahibdir? Qış fasiləsinə lider yollansanız, növbəti transferlər olacaq? Legioner və ya Premyer Liqa təcrübəsi olan yerlilərə ehtiyac duyursuz?
- Təbii ki, qış fasiləsində heyətimizi gücləndirməyi planlaşdırırıq. Əlimizdən gələni edəcəyik ki, çempionluq mübarizəsindən qopmayaq. Hər şey istədiyimiz kimi olsa, qışda yaxşı transferlər etmək istəyirik. Bu, futbolçunun I Liqa və ya Premyer Liqada oynamasının mənim üçün heç bir önəmi yoxdur. Mənim üçün önəmli olan beynimdəki futbol fəlsəfəsinə uyğun olmasıdır. Təbii ki, yaxşı transferlər etməyi düşünürük. Rəhbərlik ilk gündən mənə inanıb, mənə dəstəkdir. Namiq Qədirov, İlqar Nadiri hər zaman mənə dəstəyini göstərir. Qazanılan uğurun da bir pay sahibi də rəhbərliymizdir. Nə istəmişəmsə, dərhal onu yerinə yetiriblər. Bu da önəmli faktodur ki, işimə heç kim qarışmır. Komandaya bütün futbolçuları şəxsən özüm dəvət etmişəm, 5-6 90 dəqiqəlik oyunlarına baxaraq, onlara dəvət göndərmişik. Düşünürdüm ki, bu heyətlə yaxşı nəticələr əldə edəcəm. Buna doğru da gedir. Xeyirlisi olsun. Hər şey qarşıdakı ardıcıl üç çətin oyundan sonra bilinəcək ki, rəqiblərdən nə qədər uzaqlaşa bilmişik.
- Növbəti turda rəqibiniz, çempionluq uğrunda əsas rəqibiniz olan "Səbail"dir. Bu görüş sizinüçün həlledici məqam ola bilər ki, əsas rəqibinizdən uzaqlaşasız?
- "Səbail" bu mövsüm I Liqaya ən yaxşı start verən komandalardan biridir. Komandaya dəvət edilən futbolçular, təlim-məşq toplanışının keçirdiyi yerlər...Kifayət qədər yaxşı məbləğə futbolçuları heyətə qatıblar. "Səbail"in şəraiti və ora dəvət olunan futbolçulara baxanda, kimə sual versəydinsə, bu komandanın çempion olacağını düşünərdi.Amma bu futboldur, hələ heç nə itirilməyib. Hərə öz yoluna davam edir. Çox çətin komandaya qarşı oynayacağıq. Kifayət qədər yaxşı futbolçuları var. Onların oyunlarına baxmışıq. "Zirə" ilə kubok matçında da fantastik futbol oynadılar. Biz ardıcıl olaraq "Səbail", "Şahdağ Qusar" və MOİK-ə qarşı keçirəcəyik. Onlar da çox yaxşı kollektiv formalaşdırıblar. Layiqli nəticələr əldə etməyə çalışacağıq. Futbolçularıma güvənirəm,onların arxasındayam. Onlar mənim istədiyim futbolu oynadıqları təqdirdə, uduzsalar da, mənim üçün qalibdirlər. Çünki mənim heyətimdə kifayət qədər yüksək maaş alan futbolçular yoxdur. Hamısı gənc oyunçulardır. Mən onlarla içi özüm qarışıq, böyük futbola böyüyə-böyüyə qayıtmaq istəyirik ki, Azərbaycanda futbolçular var. Sadəcə işləyərək, onları üzə çıxarmaq lazımdır.