Səudiyyə Ərəbistanının "Əl Xulud" klubunun rəhbəri Ben Harburq "Liverpul"un hücumçusu Məhəmməd Salahın Səudiyyə Pro Liqasına uyğun olmadığını söyləyib.
İdman.Biz xəbər verir ki, Riyaddakı Dünya Futbol Sammitində Harburq Salahın yaşının çox olmasına və yüksək maaşına işarə edib.
O, Salahın əvvəllər Pro Liqa təkliflərini rədd etdiyini xatırladaraq, bu cür vəziyyətlərlə qarşılaşmış klubların yenidən onun ardınca düşməsinin çətin ola biləcəyini söyləyib.
Harburq əlavə edib ki, Səudiyyə komandalarının maliyyə baxımından daha yüksək transfer dəyərinə malik və karyerasının zirvəsində olan oyunçulara üstünlük verməsi daha faydalı olar. Belə oyunçular arasında o, "Real Madrid"in hücumçusu Vinisiusu xüsusi qeyd edib və onun Səudiyyə Pro Liqasında daha yaxşı çıxış edəcəyinə inandığını deyib.
Bu açıqlama Məhəmməd Salahın "Liverpul"dakı mövqeyi ilə bağlı davam edən mübahisələr fonunda verilib. Futbolçunun baş məşqçi Arne Slot ilə münasibətlərindəki soyuqluq və istefa iddiaları onun klubdakı gələcəyi barədə spekulyasiyaları artırıb.
Qeyd edək ki, yaxın günlərdə Salah ilə baş məşqçi Arne Slot arasında baş tutacaq görüşlər və qarşılıqlı addımlar onun "Liverpul"da qalması və ya başqa klub tərəfə keçməsi ilə bağlı gələcək planları müəyyən edəcək.