Edin Dzeko karyerasında 1000-ci oyunu keçirib. Sport24.az xəbər verir ki, bosniya və herseqovinalı hücumçunun yubileyi "Fənərbaxça"nın heyətində gerçəkləşib.
O, dünən "Eyupspor"la Super Liqa matçında (1:1) 1000-ə çatıb. 38 yaşlı veteran Bosniya və Herseqovinada ilk, dünyada 23-cü futbolçudur ki, oyun sayı dördrəqəmli ədədə qədər yüksəlib.
O, səkkiz klubda 861, millidə 139 oyuna çıxıb. Dzeko "Jelezniçar"da (2003-05) 47, "Usti nad Labem"də (2005) 3 , "Teplitse"də (2006-07) 47, "Volfsburq"da (2007-11) 142, "Mançester Siti"də (2011-16) 189, "Roma"da (2016-21) 260, "İnter"də (2021-23) 101 və "Fənərbaxça"da (2023-dən indiyədək) 72 dəfə şans qazanıb.
Qeyd edək ki, Edin milli çempionatlarda 644, ölkə kuboklarında 53, digər kuboklarda (Superkubok, Liqa kuboku və s.) 17, beynəlxalq klub turnirlərində 147 oyuna çıxıb.