"Çelsi"nin keçmiş hücumçusu Eden Azar İngiltərə Premyer Liqasının Şöhrət Zalına daxil edilib.
Bu barədə İdman.Biz liqanın rəsmi saytına istinadən xəbər verir.
Belçikalı futbolçu İngiltərə Premyer Liqasında 2012-ci ildən 2019-cu ilə qədər yalnız London klubu üçün oynayıb. Bu müddət ərzində Azar iki İngiltərə çempionluğu, Liqa Kuboku, İngiltərə Kuboku və iki Avropa Liqası titulunu qazanıb.
Eden Azar Premyer Liqanın Şöhrət Zalının 26-cı üzvü olub. Əvvəlki üzvlər arasında keçmiş "Çelsi" müdafiəçiləri Con Terri və Eşli Koul, "Mançester Yunayted"in hücumçusu Endi Koul və əfsanəvi menecerlər Arsen Venger və Ser Aleks Ferqyuson da var.