top
Doqquz yaşlı Nuray İmanzadənin futbol arzusu: Azərbaycanda maneələr, İsveçdən təklif və gələcək planlar Idman.biz
26 noyabr 2025, 14:06
- ↺ +

Doqquz yaşlı Nuray İmanzadənin futbol arzusu: Azərbaycanda maneələr, İsveçdən təklif və gələcək planlar

2025-ci il 12 sentyabr. "Sumqayıt" klubunun futbol akademiyasının məşqçisi Elman Alışanov bu günü yaxşı xatırlayır. Həmin gün ona böyük qəhvəyi gözləri olan kiçik bir qızı gətirib demişdilər: "Sənə ulduz gətirmişik".

Bu balaca qızcığaz bu gün bir çoxlarının haqqında danışdığı 9 yaşlı Nuray İmanzadə idi. İstedadlı futbolçunun Azərbaycanda oynaya bilməməsi, bununla yanaşı İsveçdən təklif alması xəbəri sosial şəbəkələrdə sürətlə yayılıb. Cəmiyyət haqlı olaraq təəccüblənir: belə bir uşağı necə gözdən qaçırmaq olar?

İdman.Biz bu məsələyə aydınlıq gətirmək və Nurayla yaxından tanış olmaq qərarına gəlib.

Ata əleyhinə idi

Nurayın sözlərinə görə, futbola sevgisi həyətdən başlayıb. Bir gün futbol oynayan uşaqlara qoşulub və o vaxtdan etibarən idmansız həyatını təsəvvür etmir. Elə bu vaxt, məşqçi Elman Alışanov istedadlı qızları tapmaq üçün Sumqayıtdakı bütün məktəblərə elan göndərmişdi.

Təsadüf elə gətirib ki, akademiya əməkdaşlarından biri Nurayın həyətdə top qovduğunu görüb və qısa müddət sonra "Sumqayıt" akademiyası qızcığazın qapısını döyüb, məşqlərə başlamağı təklif edib. Amma Nurayın atası Cabir İmanov razılıq verməyib:

"Qızımın bacarığı barədə onu oynayan görən tanışlarımdan çox eşitmişdim. Amma etiraf edirəm ki, bu sözləri qulaqardına vururdum. Akademiyadan təklif gələndə isə əleyhinə idim. Qız uşağı hara, futbol hara?", – deyə o, İdman.Biz-ə bildirib.

Akademiyadan təxminən bir ay ərzində atasının telefonuna aramsız zənglər gəlib, nəhayət, atası qızının israrına dözməyib razılıq verib.

Məşqçi Elman Alışanov həmin günü belə xatırlayır: "İlk məşqdəcə gördüm ki, bu, qeyri-adi dərəcədə bacarıqlı uşaqdır, desəm ki, Allah vergisidir, yanılmaram. "Sumqayıt" klubunun məşqçiləri məşqi izləyirdilər və heyrətə gəlmişdilər. "Bunu haradan tapmısan?", – deyirdilər". Məşqçinin sözlərinə görə, Nuray U-16 komandasında çıxış edən qızların arasında belə seçilir.

Niyə Nuray Azərbaycanda oynaya bilmir?

Nurayın tam şəkildə inkişaf etməsi üçün sağlam rəqabət və yarışlarda iştirak vacibdir. Lakin "Sumqayıt" U-12 qızlar liqasında təmsil olunmur. "Sumqayıt" akademiyasının aşağı yaş qrupları üzrə koordinatoru və əməkdar məşqçi Ağamusa Bağırov İdman.Biz-ə bildirib ki, şəhərdə bu yaşda futbolçu qızların sayı olduqca azdır:

"İlboyu qızlar axtarırıq, seleksiya və festivallar təşkil edirik. Pandemiyaya qədər hər şey yaxşı gedirdi, lakin sonra qadın komandalarının inkişafı dayanmış oldu. Hazırda növbəti mövsüm üçün U-12 komandamızın olması yönündə işlər görülür".

A. Bağırovun fikrincə, optimal həll yolu Nurayın U-10 oğlan komandaları arasında yarışlara buraxılmasıdır. Bu yaş qrupunda formal şəkildə xal hesablanmır. Çünki rəsmi turnirlər 13 yaşdan yuxarı olan idmançılar üçün başlayır.

Qızın valideynləri və məşqçisi alternativ olaraq istisna edilməsini və Nuraya başqa yaş kateqoriyasında - qızlar arasında oynamaq icazəsinin verilməsini istəyiblər. Lakin hər iki variant qaydalara uyğun deyil.

AFFA-nın mətbuat xidmətindən İdman.Biz-ə bildirilib ki, bu problemin həlli məqsədilə AFFA-nın Qadın Futbolu Departamenti qızın valideynləri ilə əlaqə saxlayıb. Onlara Nurayın U-12 liqasında təmsil olunan başqa bir komandanın heyətində çıxış etməsinə dəstək göstərilməsi təklif edilib.

Hazırda bu məsələ müzakirə olunur. İdman.Biz hadisələrin inkişafı barədə oxuculara məlumat verəcək.

İsveçdən təklif

Nurayın Azərbaycanda yarışlara qatıla bilməməsi fonunda sosial şəbəkələrdə ona İsveçdən təklif gəldiyi barədə məlumatlar yayılıb. Ağamusa Bağırov bu məsələyə aydınlıq gətirib:

"Hələlik İsveç komandalarından konkret təklif olmayıb, amma maraq göstərilib. İsveçin "Karlslunds IF" klubunda qızların məşqçisi Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qafarovdur. O, bizimlə əlaqə saxladı, Nurayın istedadını qeyd etdi və imkan olarsa, onu qəbul etməkdən məmnun qalacağını bildirdi. Amma sənədləşmə kimi nüanslar var.

Biz klub və akademiya olaraq qadın futbolunu inkişaf etdirməkdə davam edirik: hazırda üç komandamız var və onlar uğurla çıxış edirlər. "Sumqayıt"ın əsas qadın komandası bir dəfə ölkə çempionu olub, milli çempionatda mükafatçılar sırasına düşüb. Bu mövsüm isə qızlarımız yalnız bir heç-heçə qeydə alıblar, digər bütün oyunlarda qalib gəliblər".

Nurayın özü harada oynamaq istəyir?

Nuray dördüncü sinifdə oxuyur, əlaçıdır və şahmatla məşğul olur. Lakin Cabir İmanovun sözlərinə görə, məktəb onu bəzən məşqlərə buraxmır: "Nuray Sumqayıt şəhər 15 nömrəli məktəbdə oxuyur. Akademiyadan rəsmi arayış gətirsəm də, dərs buraxmağa icazə vermirlər".

Futbol qızcığazın ürəyində xüsusi yer tutur. O, "Qarabağ"a və "Sumqayıt"a azarkeşlik edir, xarici klublardan isə Madrid "Real"ını sevir. Nuray peşəkar futbolçu olmaq istəyir: "Məşqçilərin tapşırıqlarını diqqətlə dinləyirəm. Futbolla bağlı çoxlu arzularım var. Bir gün güclü komandada, məsələn, "Real"da oynamaq istəyirəm. Əgər bir gün ölkədən getsəm, əlbəttə ki, vətənimi çox darıxacağam, amma futbola sevgim üçün səbirli olmalıyam".

Atası da qızına dəstəkdir: "Əgər xaricə getmək imkanı yaransa və lazımi şərait olsa, məmnuniyyətlə onu müşayiət edərəm. Axı digər ölkələrdə qadın futbolu daha inkişaf edib".

Bununla belə, Nuray və ailəsi onun Azərbaycanı təmsil etməsini istəyir: "Mən ölkəmizi və bayrağımızı xaricdə tanıtmaq istəyirəm. Azərbaycan millisinin formasını qürurla geyinə biləcəyim günü səbirsizliklə gözləyirəm".

Leyla Eminova

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 10:00

Qarabağ, Braziliyalı Futbolçu Qustafo Assunção'ya təklif edir – Qalatasaray'da da oynayıb

Futbol
Bu gün, 09:50

2026 Dünya Çempionatı Qətərin 5x Gəlirindən Çox Gəlir Topladı

Futbol
Bu gün, 09:40

Harri Keyn: Cəngavər titulunun verilə biləcəyi barədə şərh edib

Minifutbol
Bu gün, 09:35

"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının V qrupunda Polşanın Piast komandası ilə son oyunu oynayacaq

Cüdo
Bu gün, 09:28

Hidayət Heydərov və iki Azərbaycanlı cüdoçu 'Böyük Dəbilqə' turnirində mübarizəyə başlayır;

Futbol
Bu gün, 09:20

Trent Alexander-Arnold Liverpoolə qayıda bilər

Futbol
Bu gün, 09:08

Luis Enrike, Barcelona‑dan Gavi‑ni PSJ‑ə gətirmək istəyir

Futbol
Bu gün, 08:40

FİFA 2026 Dünya Çempionatından rekord 5 milyard dollar gəlir əldə etdi

Futbol
Bu gün, 08:20

La Liqada Oktyabr ayının məşqçisi mükafatına namizədlər açıqlanıb

Futbol
Bu gün, 08:13

Mançester Yunayted məşqçisi Maykl Karrik Bruno Fernandeni kapitan olaraq saxlayacağını bildirdi

Futbol
Bu gün, 08:00

İnтер və Milan Generali Stadium layihəsini ictimaiyyətə təqdim etdi

Futbol
Bu gün, 07:16

Barcelona, PSG və İngiltərə nəhəngləri Qalatasarayın yarımmüdafiəçisi Aleksey Batrakov üçün rəqabət aparır

Futbol
Bu gün, 06:18

“Yuventus”da baş məşqçi vəzifəsi üçün Deşam namizədlər arasındadır

Futbol
Bu gün, 05:07

Everton Cek Qrilişi intizam pozduğu üçün heyətdən çıxardı

Futbol
Bu gün, 04:57

Manchester United baş məşqçisi: Zəmanətə ehtiyacım yoxdur, məsuliyyəti tam başa düşürəm;

Futbol
Bu gün, 04:15

Çelsi 100 milyonluq transferdən imtina edib, Barselona’nın ulduzunu almaq məsləhət görüldü

Futbol
Bu gün, 03:14

Messi 2027-ci ildə Newell's Old Boysa qayıtmaq üçün transfer vaxtını müəyyən etdi

Futbol
Bu gün, 01:55

“Fiorentina” və “Atalanta” 2:2 hesablı heç‑heçə, “Frozinone” 5:1 qalibiyyətlə cədvəl zirvəsinə yaxınlaşıb

Futbol
Bu gün, 01:42

Everton, 3-1-ə Nyukasl'ı məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəldi

Futbol
Bu gün, 01:30

Lotar Matteus Borussiya müdafiəçilərini tərifləyib və Joan Qadunu Upamekano ilə müqayisə etdi

Şahmat
Bu gün, 01:06

KazChess Masters turnirində reytinq favoriti Məhəmməd Muradlı ilk iki turda məğlubiyyətlərlə təəccübləndirir

Futbol
Bu gün, 00:56

Ançelotti Braziliya milli futbol heyətini açıqladı, Vinisius Junior və Endrik dəvət aldı

Şahmat
Bu gün, 00:37

İstanbul 2026‑da Şahmat Rapid və Blits Dünya Çempionatına Ev Sahibliyi Edəcək

Cüdo
Bu gün, 00:23

UFC Vegas 124 əsas döyüşü dəyişdi: Şon Bredi zədələnib, yerini Qabriel Bonfim alacaq

Oxşar xəbərlər