"Çelsi" Premyer Liqanın cari mövsümündə ilk məğlubiyyətini "Old Trafford"da "Mançester Yunayted"ə 1:2 hesabı ilə uduzaraq yaşayıb.
İdman.biz xəbər verir ki, bu uğursuzluq londonluların "qırmızı şeytanlar"ın meydanında qələbəsiz seriyasını 13 oyuna çatdırıb.
"Zadəganlar"ın mərkəz müdafiəçisi Trevo Çaloba matçdan sonra komandanın işinə ciddi yanaşmalı olduğunu bildirib: "Biz kifayət qədər yaxşı oynamadıq, ilk 15 dəqiqə isə mövsümün ən zəif hissəsi oldu. Birinci hissə bizim üçün çox ağır keçdi. Əlbəttə, on nəfərlə oynamaq çətindir, amma standartlarımızı qaldırmalı və irəliləməliyik".
Çaloba özü 80-ci dəqiqədə fərqlənərək "Çelsi"nin hesabdakı fərqi azaltmasına nail olub. Lakin onun qolu komandasını məğlubiyyətdən xilas etməyib.
"Çelsi"nin işini erkən qırmızı vərəqə alan qapıçı Robert Sançes və baş məşqçi Enso Mareskanın məcburi dəyişiklikləri çətinləşdirib.
"Mançester Yunayted" üçün bu qələbə mövsümün uğursuz startı fonunda vacib nəticə sayılır. "Çelsi" isə tənqidlərə cavab verərək növbəti turlarda vəziyyəti yaxşılaşdırmağa çalışacaq.
Qeyd edək ki, "Çelsi" Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ" rəqibidir. Komandalar arasındakı görüş noyabrın 5-də Bakıda keçiriləcək.
İdman.biz