"Kəpəz"in müdafiəçisi Cefferson Bentu karyerasını Braziliyada davam etdirmək qərarına gəlib və Azərbaycana qayıtmaq niyyətində deyil.
İdman.Biz-in Braziliya mediasına istinadən verdiyi məlumata görə, 23 yaşlı futbolçu "Avai" ilə danışıqlara başlayıb.
Oyunçunun hüquqları mövsümün əvvəlində onu bir illik "Kəpəz"ə icarəyə verən Portuqaliyanın "Portimonense" klubuna məxsusdur. Lakin Bentu qış fasiləsində vətəninə gedib və bir daha Azərbaycana qayıtmayıb.
Müdafiəçi Gəncə klubunun rəhbərliyinə həyat yoldaşının Azərbaycana qayıtmaq istəmədiyini bildirib. Futbolçunun sözlərinə görə, həyat yoldaşı ölkəmizdə xoşbəxt deyil, buna görə də ailə qayıtmamaq qərarına gəlib.
İcarə müqaviləsi mövsümün sonuna qədər qüvvədə olduğundan, "Kəpəz" FIFA-ya rəsmi şikayət ərizəsi ilə müraciət edib.