Türkiyənin "Çaykur Rizəspor" futbol komandası Superliqanın 11-ci turunda "Ərzurumspor"u 2:1 hesabı ilə məğlub edərək cari mövsümdə ilk ev qələbəsini qazanıb.
İdman.Biz xəbər verir ki, "Çaykur Didi" stadionunda keçirilən qarşılaşmanın qəhrəmanı meydan sahiblərinin qambiyalı hücumçusu Ali Soue olub.
Matça fəal başlayan Rizə təmsilçisi 31-ci dəqiqədə Souenin qolu ilə hesabı açıb. Lakin qonaqların cavabı özünü çox gözlətməyib. 37-ci dəqiqədə İbrahim Diabate fərqlənərək tarazlığı bərpa edib. İlk hissə 1:1 hesabı ilə yekunlaşıb.
İkinci hissədə üstünlüyünü artıran meydan sahibləri 66-cı dəqiqədə yenidən önə keçiblər. Ali Soue ikinci qolunu vuraraq dublunu rəsmiləşdirib və komandasına vacib üç xal qazandırıb.
"Çaykur Rizəspor" cari mövsümdə doğma meydanda keçirdiyi oyunlarda ilk qələbəsini əldə edib.
"Ərzurumspor"un heyətində çıxış edən millimizin hücumçusu Nəriman Axundzadə ehtiyatda qalıb.
Qeyd edək ki, bu nəticədən sonra Rizə təmsilçisi xallarının sayını 14-ə çatdırıb. "Ərzurumspor" da eyni xalla turnir cədvəlində mübarizəsini davam etdirir.