Çinin II Liqa klubu "Çançun Sidu" rəqiblərin paltardəyişmə otağında üzərində qarğış yazılan kağızlar yerləşdirdiyinə görə 30 min yuan (4,1 min dollar) cərimələnib.
"Report" Çin Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu səbəbdən komandaya ciddi töhmət də verilib.
Açıqlamada oyundan əvvəl klubun işçilərinin rəqib komandanın paltardəyişmə otağında feodal dövrünün bir sıra mövhumat əşyalarının yerləşdirildiyini və bunun mənfi nəticələrə səbəb olduğu bildirilib. İyunun 28-də "Çançun Sidu" komandası evdə "Şansi Çunde Junxay"ı qəbul edib. Qonaqlar paltardəyişmə otağında üzərində "Şansi Çunde Junxay" uduzacaq" yazılmış sarı kağız parçaları tapıblar.
Qeyd edək ki, görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib. "Çançun Sidu" şimal divizionunda 17 turdan sonra ikinci pillədə qərarlaşıb.