"Bavariya" Portuqaliyanın "Portu" klubunda çıxış edən Oskar Pietuşevskini transfer hədəfləri sırasına daxil edib.
İdman.Biz Almaniya mediasına istinadən xəbər verir ki, Münhen təmsilçisi 18 yaşlı polşalı futbolçunu gələn yay heyətinə qatmağı nəzərdən keçirir.
Sol cinahda çıxış edən Pietuşevski "Bavariya"da Luis Diasın keyfiyyətli alternativi kimi qiymətləndirilir. Klubun idman məsələləri üzrə idarə heyətinin üzvü Maks Eberl də gənc futbolçunun potensialını yüksək dəyərləndirir.
Artıq mümkün transferlə bağlı ilkin müzakirələr aparılıb. "Bavariya" futbolçunun müqavilə şərtləri barədə məlumatlıdır.
Pietuşevskinin "Portu" ilə müqaviləsində 60 milyon avroluq (114,9 milyon manat) sərbəstqalma məbləği nəzərdə tutulub.
Polşalı futbolçu Münhen klubunun yay transfer pəncərəsi üçün müəyyənləşdirdiyi bir neçə namizəddən biridir.