"Qalatasaray"ın UEFA Çempionlar Liqasında "Ştutqart" üzərində qazandığı 2:0 hesablı qələbənin əsas qəhrəmanı Aleksey Batrakov olub. Rusiyalı yarımmüdafiəçi vurduğu iki qolla yanaşı, fərdi statistik göstəriciləri ilə də diqqət çəkib.
İdman.Biz xəbər verir ki, Batrakovun çıxışı həm Sofascore, həm də WhoScored analitik platformaları tərəfindən yüksək qiymətləndirilib. Sofascore futbolçuya 9,3, WhoScored isə 9,2 bal verib. Hər iki qiymətləndirmədə o, meydanda olan futbolçular arasında ən yüksək nəticəni göstərib.
21 yaşlı yarımmüdafiəçi görüşün 12-ci dəqiqəsində hesabı açıb, 15-ci dəqiqədə isə ikinci dəfə fərqlənib. Batrakov meydanda 76 dəqiqə keçirib.
Onun oyun statistikası da məhsuldar çıxışını əks etdirir. Futbolçu qapıya endirdiyi zərbələrin hamısında dəqiqlik nümayiş etdirib. Uğurlu driblinq göstəricisi də 100 faiz olub.
Batrakov rəqib meydanının son üçdəbir hissəsinə yeddi ötürmə edib, müdafiədə altı faydalı hərəkətlə yadda qalıb. Bundan başqa, onun hesabına müdafiə xəttini yarıb keçən üç ötürmə yazılıb.
WhoScored-un qiymətləndirməsində Batrakovdan sonra ən yüksək balı "Qalatasaray"ın qapıçısı Uğurcan Çakır alıb. Beş seyvlə komandasının qələbəsində pay sahibi olan qolkiperin çıxışı 7,8 balla qiymətləndirilib.
Bundan əlavə, Aleksey Batrakov UEFA tərəfindən də "Qalatasaray" - "Ştutqart" qarşılaşmasının ən yaxşı futbolçusu seçilib.
Batrakov cari mövsüm bütün turnirlərdə 12 qarşılaşmada iştirak edib, beş qol və üç məhsuldar ötürmə ilə yadda qalıb. Onun İstanbul klubu ilə müqaviləsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, "Qalatasaray" dörd oyundan sonra altı xalla Çempionlar Liqasının ümumi mərhələsində 14-cü, "Ştutqart" isə yeddi xalla səkkizinci pillədə qərarlaşıb.