İspaniyanın "Barselona" klubunda prezidentliyə namizəd Mark Siria Lionel Messi ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.
İdman.Biz xəbər verir ki, Siria şəhərdə Messinin təsviri olan reklam lövhəsinin yerləşdirilməsi ilə bağlı sualı cavablandırarkən futbolçudan icazə almadıqlarını bildirib.
Onun sözlərinə görə, bu addım kommersiya məqsədi daşımır və argentinalı ulduza hörmət əlaməti kimi atılıb.

"Xeyr! Bu, sadəcə ehtiramdır. Bunu ona görə etdik ki, insanlar onun üçün darıxırlar", - deyə o qeyd edib.
Prezidentliyə namizəd əlavə edib ki, klub azarkeşlərin hisslərini nəzərə alaraq Messinin geri dönüşünü arzulayır:
"Biz onların inamını qaytarmaq istəyirik, aldadıldıqlarını düşünürlər. Küçəyə çıxıb soruşun - kim Messinin qayıtmasını istəmir?"
Qeyd edək ki, Lionel Messi 2021-ci ildə "Barselona"dan ayrıldıqdan sonra klubla bağlı mümkün dönüş iddiaları vaxtaşırı gündəmə gəlir.