"Barselona" Konqo Demokratik Respublikası ilə sponsorluq müqaviləsi bağlayacaq.
İdman.biz "Mundo Deportivo"ya istinadən xəbər verir ki, dörd il müddətinə bağlanacaq müqaviləyə əsasən, Kataloniya klubu hər il 11 milyon avro gəlir əldə edəcək, ümumi məbləğ isə 44 milyon avro təşkil edəcək.
Konqo DR idman və əyləncə naziri Didye Budimbu artıq bir neçə həftədir "Barselona" ilə ciddi danışıqlar apardığı bildirilir. Məqsəd – klub formalarının arxa hissəsində "RDC, cœur de l"Afrique" ("Konqo Demokratik Respublikası – Afrikanın ürəyi") loqosunun yerləşdirilməsidir.
İyunda "Monako" klubu da Konqo DR ilə tərəfdaşlığa başladığını elan etmişdi. Liqa 1 təmsilçisi Afrika ölkəsində futbolun inkişafına dəstək verməyi öhdəsinə götürüb.
Gözlənilir ki, Konqo DR ilə imzalanacaq bu müqavilə La Liqada maliyyə feyr-pley tələblərinin yaxşılaşmasına və "Barselona"nın 1:1 göstəricisinə yaxınlaşmasına kömək edəcək.
İdman.biz