Azərbaycan Kubokunun final matçının tez keçirilməsi klubların pik formada olduqları vaxta təsadüf edəcək.
"Report" xəbər verir ki, bunu PFL-in texniki-idman direktoru Elgiz Abbasov püşkatma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, komandaların daha çox istirahət imkanı qazanacaqlarını vurğulayıb:
"İlk növbədə "Qarabağ"ın zəfərini vurğulamalıyıq. Klubun hər bir əməkdaşını təbrik edirik. Azərbaycan Kuboku 34 komandanın iştirakı ilə keçiriləcək. Komandalar mərhələli şəkildə mübarizəyə qoşulacaqlar. Kubokun final oyunu Azərbaycan çempionatının bitməsinə 2 tur qalmış, mayın 13-də baş tutacaq. Bunun səbəbi var. Oyun komandaların intensiv və pik formada olacaqları vaxta təsadüf edəcək. Eyni zamanda milli komandaların oyunlarından öncə daha çox istirahət imkanı əldə edəcəklər".