"Mövsümə qələbəylə başlamaq istəyirdik. "Karvan"la oyun barədə onu deyə bilərəm ki, futbolçularımdan və oyundan razı, nəticədən narazıyam". Bu sözləri Sport24.az-a açıqlamasınsa "Qaradağ Lökbatan"ın baş məşqçisi Azər Həşimov deyib.
Gənc mütəxəssis rəqibdən üstün oynadıqlarını söyləməklə yanaşı, hakimliyə də toxunub: "Komanda ilk turda yaxşı çıxış etdi. Kreativ oyun sərgilədik, rəqibi üstələdik. Yalnız hücumlarda son nöqtəni qoya bilmədik. Heç vaxt hakimlik barədə fikir bildirməmişəm, amma bu gün qapımıza iki dəfə penalti təyin olundu. İlk onbirmetrə düz qərar idi. Ancaq rəqib yararlana bilmədi. Amma ikinci epizodda penalti görmədim. Bunu "Qaradağ Lökbatan"ın baş məşqçisi kimi yox, obyektiv futbol adamı kimi deyirəm. Təbii ki, bu mənim şəxsi qənaətimdi. Sərgilədiyimiz oyuna görə məğlubiyyətə layiq deyildik".
Lökbatan təmsilçisinin baş məşqçisi ehtiyat oyunçular skamyasında qapıçının olmamasına da aydınlıq gətirib: "İlnur Vəliyev düşərgəmizdədi, məşq də edir. Sadəcə sənəd məsələsinə görə onun keçidini rəsmləşdirə bilməmişik. Amma qarşıdakı günlərdə bu məsələni həll edəcəyik".
Qeyd edək ki, I Liqanın I turunun açılış oyununda "Qaradağ Lökbatan" səfərdə "Karvan"a 0:1 hesabı ilə məğlub olub.
ABDULLA İSMAYILOĞLU